Bakı. 3 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) martın 3-də Bərdə rayonunun Türkmən kəndində işgüzar forum keçirib.
“Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 100-ə yaxın sahibkarın iştirakı ilə keçirilən forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb. Fond tərəfindən Bərdə rayonunun iqtisadi potensialına uyğun olaraq, müasir istixana kompleksinin, intensiv bağçılıq təsərrüfatının, meyvə-tərəvəz emalı müəssisəsinin, ixtisaslaşdırılan “yaşıl market”in, 3 ulduz otelin, cins heyvandarlıq və meyvəqurutma müəssisələrinin yaradılması üzrə hazırlanan nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən 69 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 1,6 mln. manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcək. Verilən kreditlər əsasən heyvandarlıq, biyan kökü istehsalı və emalı və s. sahələrin inkişafına yönəldiləcək.
Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və ötən il verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. O bildirib ki, 2015-ci ildə sahibkarlıq subyektlərinin 5230-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 248,5 milyon manat güzəştli kredit verilib: “Bu kreditlər hesabına 12000-dən çox yeni iş yerinin açılmasına imkan yaradılıb. Bu ildə qeyri-neft məhsullarının istehsalının artırılması, iqtisadiyyatın real sektorunda investisiya layihələrinin maliyyələşdirilməsi, eləcə də kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının artırılması məqsədilə güzəştli kreditlər hesabına logistik mərkəzlərin və “yaşıl market”lərin, aqroparkların, cins iri buynuzlu heyvandarlıq və istixana komplekslərinin, iri fermer və intensiv bağçılıq təsərrüfatlarının, ət kəsimi, emalı, qarışıq yem, çörək istehsalı, meyvə-tərəvəz məhsullarının emalı, tikinti materiallarının istehsalı və digər sənaye müəssisələrinin yaradılması, quşçuluğun inkişafı üzrə investisiya layihələrinin, eləcə də kiçik sahibkarlığın maliyyələşdirilməsi nəzərdə tutulur.
Forum çərçivəsində güzəştli kredit ayrılan Qarabağ Aqrar-Sənaye Kompleksinə baxış keçirilib. Müasir texnologiyalarla təchiz olunan 5 min tonluq logistik mərkəz, 4700 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, ildə 5,4 min ton kəsim gücü olan ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal etmək gücündə olan zavoddan ibarət olan bu kompleksdə 300 nəfər çalışır.
Qeyd edək ki, bugünədək SKMF 30550 başlıq 25 cins heyvandarlıq kompleksinin, illik emal gücü 207,4 min ton olan 9 süd, illik emal gücü 16,2 min ton ət və 38,2 min ton ət kəsimi olan 8 emal və kəsim müəssisəsinə 140 milyon manata yaxın güzəştli kredit verib.