AMAL Şamaxıda təqdim edilib

AMAL Şamaxıda təqdim edilib Bakı. 21 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi kəndlərdə yaşayan gəncləri Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) ilə tanış etmək üçün məlumatlandırma kampaniyasına başlayıb.
ASK
21 Dekabr , 2018 16:27
AMAL Şamaxıda təqdim edilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi kəndlərdə yaşayan gəncləri Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) ilə tanış etmək üçün məlumatlandırma kampaniyasına başlayıb.

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, gənclərə AMAL barədə informasiya vermək, layihəyə cəlb etmək üçün İsmayıllı, Ağşu, Qobustan, Şamaxı rayonlarının gənclərini maraqlandıran suallara cavab vermək üçün Şamaxı rayonunda görüş keçirilib.

Görüşlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin direktor müavini Namiq Məmmədov, AMAL-ın koordinatoru Səbinə Mikayılova və Aqrar İnkişaf Könüllüləri ictimai hərəkatının rəhbəri Sarvan Cəbrayılzadə iştirak ediblər.

Görüşlərə AMAL-ın internet səhifəsi üzərindən müraciət etmiş gənclərlə yanaşı, aqrar sahə üzrə ali, peşə məktəbi və kollec təhsili almış, təsərrüfat yaratmağa marağı olan və ya artıq müəyyən kiçik təsərrüfatı olan 18-35 yaşlı gənclər dəvət ediliblər. Yerlərdə gənclərə doğru məlumatın çatdırılması, onların səfərbər edilməsi məqsədilə yerli özünü idarəetmə qurumlarının - bələdiyyələrin nümayəndələri də görüşlərə qatılıblar.

Gənclərə layihə barədə məlumat verilib, onların gözləntiləri, maraqlandıqları sahələr öyrənilib, kənd təsərrüfatı biznesinə başladıqda lazım olacaq biliklər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AMAL Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə reallaşdırdığı yeni layihədir. Bu layihə ölkədə gənclərin aqrar sahəyə marağının yüksəldilməsi, yeni və innovativ ideyaların dəstəklənməsini, kənd yerlərində yaşayan gənclərin məşğulluğunun artırılmasını, kənd təsərrüfatı ilə məşğul olan gənc fermerlərin aqrar sahədə biliklərinin artırılmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi