Yuxarı

DBNX: Qaxda xırdabuynuzlu heyvanların tələfolma səbəbləri müəyyənləşdirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bununla bağlı məlumat yayıb

Bakı. 3 avqust. REPORT.AZ/ Qax rayonunun Fısdıqlı kəndində xırdabuynuzlu heyvanların tələf olması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) əməkdaşları adı çəkilən kənddə və ona qonşu kəndlərdə, eləcə də Qax rayonunun digər ərazilərində araşdırmalar aparıblar. 

DBNX-nın mətbuat katibi Yolçu (Xanvəli) Həsənov "Report"a bildirib ki, aparılan araşdırmalar zamanı yalınız Fındıqlı kəndində Valeh Qurbanova məxsus təsərrüfatda bir neçə baş xırdabuynuzlu heyvanın tələf olması müəyyən edilib. Qax rayonunun digər kənd və qəsəbələrində isə heyvanlar arasında heç bir narahatlıq qeydə alınmayıb və epizootik vəziyyət sabitdir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bununla əlaqədar bildirir ki, baytarlıq mütəxəssisləri tələfat qeydə alınan təsərrüfatda heyvanlarda patoloji yarma aparmış və həmin heyvanların iti fassilyozdan tələf olmasını müəyyən ediblər. Həmçinin heyvanlardan götürülən nümunələr baytarlıq laboratoriyasında müayinə olunmuş və heyvanların iti fassilyoz (qurd) xəstəliyindən tələf olması təsdiqini tapıb.

Tələf olmuş heyvanlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib və xəstəlik qeydə alınan həyətdə baytarlıq-sanitariya qaydalarına uyğun dezinfeksiya işləri aparılmışdır. Həmçinin xidmət əməkdaşları aparılan tədbirlər çərçivəsində təsərrüfat sahibləri ilə baytarlıq mütəxəssislərinin görüşü keçirilib, onlara müəyyən baytarlıq məsləhətləri verilib. Həmçinin təsərrüfat sahibinin diqqətinə çatdırılıb ki, baytarlıq resepti əsasında iti fassilyoz-qurd xəstəliyinə qarşı sahibkarın öz hesabına dərman preparatları alınsın və baytarlıq mütəxəssisinin nəzarəti altında heyvana tətbiq edilsin.

Dövlət Baytarlıq Nəzarəti Xidməti təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.

Xatırladaq ki, rayonun Fısdıqlı kəndində ümumilikdə 50-yə yaxın xırdabuynuzlu heyvan məhv olmuşdu. Xırdabuynuzlu heyvanların kütləvi şəkildə tələf olması halı əsasən üç təsərrüfatda qeydə alınmışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi