Yuxarı

Qaxda keçirilən biznes-forumda sahibkarlara 330 min manat güzəştli kredit verilib

Kreditlər Qax və ətraf rayonlarda taxılçılıq, heyvandarlıq, arıçılıq, bağçılıq və s. istehsal sahələrinin inkişafına yönəldiləcək

Bakı. 14 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə növbəti işgüzar forumu bu gün Qax rayonunun Zəyəm kəndində keçirib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumatların verilməsi, Qaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

Forumda 70-ə yaxın sahibkarın iştirak edib. Burada Qax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, bağçılıq, cins heyvandarlıq, tütünçülük və arıçılıq təsərrüfatlarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin təşkili və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib. Eyni zamanda sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Fondun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində 380-ə yaxın sahibkara 40,2 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir: “Ümumilikdə bugünədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 900-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 96,6 mln. manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib”.

İşgüzar forumda Qax və ətraf rayonlardan olan 32 sahibkara 330 min manat güzəştli kredit verilib. Kreditlər əsasən taxılçılıq, heyvandarlıq, arıçılıq, bağçılıq, mineral su, qapı-pəncərə istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 50-yə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Tədbir çərçivəsində Qax rayonunun Qarabaldır kəndində ildə 6 min ton süd emal etmək gücündə olan heyvandarlıq müəssisəsinə baxış keçirilib.

Məlumat üçün bildirək ki, bugünədək illik emal gücü 207,4 min ton olan 9 süd emalı zavodunun maliyyələşdirilməsinə 21,6 mln. manat güzəştli kredit verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi