Əhali artımının ümumilikdə ölkələrin iqtisadiyyatına müsbət təsiri ilə yanaşı, bəzi sahələrə, məsələn, kənd təsərrüfatı sektoruna mənfi təsiri də var.
"Report" xəbər verir ki, bunu "Agro Dairy" MMC-nin icraçı direktoru Niyazi Əmirbəyov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən paneldə deyib.
O qeyd edib ki, Azərbaycan əhalisi artıq 10 milyon nəfəri ötüb ki, bu da ölkənin kənd təsərrüfatı üçün ciddi çağırışdır.
"Əhalinin artımı ilk baxışdan sahə üçün faydalı görünür. Onlar biznes üçün böyük imkanlar yaratsa da, bunun əks tərəfi də var. Bu, resursların azalması və çatışmazlığıdır ki, burada iqlim dəyişikliyinin təsiri də danılmazdır”, – icraçı direktor əlavə edib.
O vurğulayıb ki, kənd təsərrüfatı sahəsinin əsas vəzifələrindən biri atmosferə istixana qazları emissiyalarını minimuma endirməklə daha çox məhsul istehsal etməkdir.
N.Əmirbəyov bildirib ki, suvarma sistemləri müasirləşdirilməlidir, çünki su çox qiymətli resursdur.