Dünyada su çatışmazlığı ilə bağlı təhdidlər fonunda Azərbaycan içməli su və tullantı sistemlərinin yenidən qurulmasına dair genişmiqyaslı layihələr həyata keçirir.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov ADA Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təşkilatçılığı ilə Bakıda Ümumdünya Qida Günü münasibəti ilə keçirilən, Kənd təsərrüfatı və qida elmləri fakültəsinin açılışına həsr olunmuş tədbirdə bildirib.
"Azərbaycan məhdud su ehtiyatlarına malikdir. Digər tərəfdən əhalinin sayının artması, əkin sahələrinin genişləndirilməsi, iqlim dəyişikliyi suyun azalmasına gətirib çıxarır, su ehtiyatlarına xüsusi və diqqətli yanaşmağı tələb edir. Nazirlik olaraq su təchizatı, ərzaq və qida təhlükəsizliyi sahəsində qarşıya çıxacaq bütün maneələrin aradan qaldırılması istiqamətində FAO-nun göstərdiyi səyləri təqdir edir və əməkdaşlıq çərçivəsində həmin məsələləri həll edirik", - deyə o qeyd edib.