Bu gündən “Kənddən Şəhərə” qış yarmarkası fəaliyyətə başlayıb.
Qış yarmarkası paytaxtın Nərimanov, Binəqədi, Yasamal və Suraxanı rayonları, eləcə də Abşeron rayonu ərazisində 5 fərqli nöqtədə keçirilir.
Paytaxt sakinlərinin “Kənddən Şəhərə” yarmarkalarına olan marağını nəzərə alan təşkilatçı qurum yarmarkanın keçirildiyi ünvanların sayını artırıb. “Kənddən Şəhərə” yarmarkasının ənənəvi ünvanları sırasına bu dəfə Suraxanı rayonu da əlavə edilib.
Qış yarmarkasının təşkilində əsas məqsəd bayram ərəfəsində yarana biləcək süni qiymət artımının qarşısını almaq, aztəminatlı ailələrin və ümumilikdə şəhər əhalisinin kənd təsərrüfatı və qida məhsullarına artan tələbatını təbii məhsullarla dolğun şəkildə qarşılamaq, eləcə də yerli fermerlərimiz üçün alternativ satış kanalı yaratmaqdır.
Bildirilib ki, “Kənddən Şəhərə” qış yarmarkasında bütün məhsullar birbaşa fermerlər tərəfindən paytaxt sakinlərinə təqdim olunur. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 140-dan çox fermer 60-dan artıq adda müxtəlif məhsulun satışını həyata keçirir.
Bayram yarmarkası həftsonu yarmarkalarından bir sıra yenilikləri ilə fərqlənir. Belə ki, “Kənddən Şəhərə” qış yarmarkası çərçivəsində məhsul satışı ilə yanaşı, müxtəlif tədbirlər də həyata keçiriləcək, yarmarka ərazisində xüsusi qidalanma guşələri fəaliyyət göstərəcək. Bundan başqa, yarmarkalarda uşaqlar üçün əyləncə və yaradıcılıq guşələri də hazırlanıb. Eləcə də yarmarkalar Yeni il bayramı ab-havasına uyğun bəzədilib.
“Kənddən Şəhərə” qış yarmarkası aşağıdakı ünvanlarda təşkil olunur:
Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi
Binəqədi rayonu, Süleyman Sani Axundov 5B
Nərimanov rayonu, Gənclik metrostansiyasının yanı
Xırdalan şəhəri,
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi
Qeyd edək ki, “Kənddən Şəhərə” layihəsi çərçivəsində mütəmadi olaraq həftəsonu və tematik yarmarkalar təşkil olunur. Qış yarmarkası kimi tematik yarmarkaların təşkili bundan sonra da davam etdiriləcək.