Kənd təsərrüfatı naziri Ağsuda vətəndaşlarla görüşüb

Kənd təsərrüfatı naziri Ağsuda vətəndaşlarla görüşüb Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Ağsu Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Ucar, Kürdəmir, Göyçay, Ağsu, Zərdab və digər rayonlardan olan vətəndaşları qəbul edib.
ASK
23 Fevral , 2018 16:35
Kənd təsərrüfatı naziri Ağsuda vətəndaşlarla görüşüb

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Ağsu Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Ucar, Kürdəmir, Göyçay, Ağsu, Zərdab və digər rayonlardan olan vətəndaşları qəbul edib.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, qəbuldan əvvəl nazir rəhbərlik etdiyi qurumun yerli inzibati binası, həmçinin Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti Xidmətləri üçün yaradılmış şəraitlə tanış olub.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 40-dan çox vətəndaşın müraciətinə baxılıb. Vətəndaşlar, əsasən, subsidiya, torpaqdan istifadə və texnikalarla təminat, ixtisasa uyğun işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər. H.Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir Ağsu şəhərində “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Tədbirdə Ucar, Kürdəmir, Göyçay, Ağsu, Zərdab və digər ətraf rayonlardan olan 82 istifadəçiyə lizinq yolu ilə verilmiş, ümumilikdə, 2 508 648 manat məbləğində 135 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan 998 484 manat güzəştlə əlaqədar müvafiq sənədlər təqdim edilib. O cümlədən güzəşt tətbiq edildikdən sonra 26 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb. Müvafiq sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda “Aqrolizinq”in əməkdaşları lizinq yolu ilə əldə edilmiş kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20%-ni ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

İndiyə qədər respublika üzrə 8 585 istifadəçinin “Aqrolizinq”dən lizinqə götürdüyü 22 256 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına ümumilikdə 195 000 176,87 manat məbləğində güzəşt tətbiq edilib.

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi, texnikaların dövlət qeydiyyatına alınması, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsini də təşkil edib. Ümumilikdə, tədbir çərçivəsində 130 nəfərdən artıq mexanizatorun vəsiqəsi dəyişdirilib. 

Son xəbərlər

Orphus sistemi