​Heydər Əsədov: "Cari ildə ölkədə 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir"

​Heydər Əsədov: "Cari ildə ölkədə 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir" Hazırda istehsal edilmiş taxılın satışında heç bir ciddi problem müşahidə olunmur
ASK
12 İyul , 2016 00:43
​Heydər Əsədov: Cari ildə ölkədə 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir

Bakı. 12 iyul. REPORT.AZ/ "Dünya Bankının verdiyi proqnozlara görə ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir ki, bunun da hesabına Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunur".

"Report" xəbər verir ki, bunu Kənd təsərrüfatı naziri Heydər Əsədov Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Nazir bildirib ki, ilkin proqnozlara görə, cari ildə ölkədə 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir. Hazırda istehsal edilmiş taxılın satışında və ayrı-ayrı dəyirmanlar tərəfindən tədarükündə heç bir ciddi problem müşahidə olunmur. İstehsalın artımı ilə yanaşı, ölkə başçısı tərəfindən ixracın stimullaşdırılması üçün müəyyən edilən dəstək tədbirləri, habelə aidiyyəti dövlət orqanları tərəfindən məhsul ixracı ilə bağlı yaranan maneələrin aradan qaldırılması kənd təsərrüfatı məhsullarının həm ümumilikdə, həm də müxtəlif seqmentlər üzrə ixracını kəskin şəkildə artırıb: "Belə ki, cari ilin 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artıma nail olunub.

Rusiya mənbələrində bu ölkənin bazarlarında satılan pomidorun 7,4 faizinin Azərbaycanın payına düşdüyü bildirilir, halbuki ötən il bu göstərici cəmi 1 faiz təşkil edib.

Əlamətdar hal ondan ibarətdir ki, ilk dəfə olaraq ərzaqlıq lobya, düyü, ərzaqlıq və yemlik arpa, darı və çərəzlərin, heyvandarlıqda isə ət və süd məhsullarının ixracına başlanılıb.

Eyni zamanda, ixracın coğrafiyası dəyişilərək ənənəvi Rusiya bazarı ilə yanaşı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq və Türkmənistanı da əhatə edib.

Yerli istehsalın artımı heyvandarlıq məhsullarının əksəriyyəti üzrə idxalın həcminin kəskin şəkildə azalmasına səbəb olub. İdxalın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə ət və ət məhsulları üzrə 2,8 faiz, süd və süd məhsulları üzrə isə 15,7 faiz, iribuynuzlu heyvanların baş sayı üzrə 74,5 faiz, xırdabuynuzlu heyvanlar üzrə 94,2 faiz, damazlıq cücə üzrə 51,6 faiz azalıb".

Son xəbərlər

Orphus sistemi