Yuxarı
    Bağlamaq

    Hacıqabulda aşkar edilmiş mənşəyi məlum olmayan ət zərərsizləşdirilib

    İribuynuzlu heyvan cəmdəklərinin keyfiyyətsiz olduğu və baytarlıq-sanitariya tələblərinə cavab vermədiyi üzə çıxıb

    Bakı. 22 sentyabr. REPORT.AZ/ Hacıqabul rayonunda sentyabrın 20-də, saat 03:00 radələrində aşkar edilmiş iribuynuzlu heyvan cəmdəklərinin keyfiyyətsiz olduğu və baytarlıq-sanitariya tələblərinə cavab vermədiyi üzə çıxıb. 

    Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) bildirilib. 

    Xatırladaq ki, qurum Hacıqabul Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınan məlumat əsasında birgə reyd keçirib. Reyd zamanı rayonun Navahı kəndi ərazisində yerləşən 720 saylı stasionar “Yol Polisi Postu”nda Göyçay şəhər sakini Nəsimi küçəsi, dalan 2, ev 14-də yaşayan 1958-ci il təvəllüdlü Sadıqov Nazim Ağamirzə oğlunun idarə etdiyi “Opel-Astra” markalı 99-EE 367 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb. Avtomobilə baxış keçirilən zaman onun arxa oturacağında və yük yerində Göyçay rayonu Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyevə məxsus çəkisi 350 kq olan, 8 hissəyə bölünmüş, üst-üstə tökülən, antisanitar vəziyyətdə daşınan, üfunətli iyi verən heyvan cəmdəkləri aşkar edilib.

    Araşdırma zamanı ətin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən olunub. Göyçay rayonu Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyev heyvan cəmdəklərinin ona məxsus olduğunu və satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirib.

    Mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri, orqanoleptik göstəriciləri standarta uyğun olmayan, pis qoxulu, insan qidası üçün yararlığı şübhə doğuran heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

    Laboratoriyada aparılan müayinələrin nəticəsinə əsasən iribuynuzlu heyvan cəmdəklərinin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib. Respublika Baytarlıq Laboratoriyasının sentyabrın 21-i tarixli müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq iribuynuzlu heyvan cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib.

    Qərara uyğun olaraq bu gün insan qidası üçün yararsız olan iribuynuzlu heyvan cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Hacıqabul rayonundakı məişət tullantıları poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb. 

    DBNX insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlərin davam etdiriləcəyi, bu kimi qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlərin görüləcəyi bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi