Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün aqro-ərzaq sistemləri proqramını təkmilləşdirəcək.
"Report" xəbər verir ki, bunu FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat Bakıda keçirilən "Avropa və Mərkəzi Asiya ölkələrinin aqro - ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirməsi" mövzusunda regional iqlim konfransında bildirib.
O, Azərbaycan hökumətinin davamlı aqro-ərzaq sistemlərinin təşviqi, iqlim dəyişikliyi ilə mübarizəyə mühüm önəm verdiyini vurğulayıb. FAO rəsmisi deyib ki, Paris Sazişinin qlobal temperatur artımının 2°C-dən xeyli aşağı saxlanılması ilə bağlı hədəflərinə nail olmaq üçün dayanıqlı aqro-ərzaq sistemlərinə keçid vacibdir.
O, müasir çağırışların təsirləri fonunda Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün qlobal əməkdaşlığın mühüm olduğunu və təmsil etdiyi təşkilatın bu istiqamətdə üzv ölkələrə dəstəyini davam etdirəcəyini qeyd edib.