Azərbaycanda emal olunmuş fındığın ixracı üçün böyük potensial olsa da, ölkədən əsasən qabıqlı fındıq Avropa İttifaqı ölkələrinə və Rusiyaya ixrac olunur.
“Report” xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin “Azərbaycanda fındıq dəyər zəncirində yaşıl enerji imkanları” adlı hesabatında bildirilir.
Sənəddə deyilir ki, Azərbaycanda istehsal olunan fındığın hamısı dəyər zəncirinin hər mərhələsindən keçmir: “2021-ci ildə ölkədə 67 min 630 ton fındıq istehsal edilib, bunun 56 %-ni fermerlər birbaşa emalçılara satıb, 22 %-ni yerli bazara yönəldib, 12 %-ni özləri istifadə edib”.
Xatırladaq ki, 2023-cü ilin 11 ayında Azərbaycan 21 min 382 ton meşə fındığı ixrac edib, bu həcmdə fındığın dəyəri 111 milyon 528 min ABŞ dolları olub. Bunlar, 2022-ci ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 min 391 ton (12,5 %), dəyər baxımından isə 14 milyon 43 min ABŞ dolları (14,4%) çoxdur.