Yuxarı

Ermənilərin vandallığı nəticəsində ziyan dəymiş bütün fermer təsərrüfatları dövlət tərəfindən bərpa olunacaq

Dəyəri 30 min avro olan südsağma və soyuducu aparatlar yararsız hala düşüb

Bakı. 29 aprel. REPORT.AZ/ "Ermənilərin ağır artilleriya qurğularından atdığı mərmilərin düşdüyü "Qara inək" fermer təsərrüfatı dövlət tərəfindən yenidən bərpa olunacaq. Sahibkara dəymiş ziyan ödəniləcək". Bunu "Report"un Qarabağ bürosunun müxbirinə İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.

Ş.Abdullayev əlavə edib ki, fermer təsərrüfatının genişləndirilməsi və təssərrüfatın yanında yeni süd emalı zavodunun tikilməsi də nəzərdə tutulub: "Təkcə "Qara inək" fermer təsərrüfatı yox, cəbhəboyu ərazilərdə yerləşən və ermənilərin vandallığı nəticəsində ziyan dəymiş bütün fermer təsərrüfatlarına dövlət tərəfindən dəstək olunacaq. Sahibkarlara yenidən kreditlər veriləcək ki, həmin sahibkarlar təsərrüfatlarını bərpa edə bilsinlər". 

Qeyd edək ki, aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı bölmələri tərəfindən atəşkəsin pozulması nəticəsində Ağdam rayonunun Əfətli kəndində yerləşən fermer təsərrüfatına ciddi ziyan dəyib. Təsərrüfata düşən "Qrad" və top mərmisi nəticəsində 11 baş iribuynuzlu heyvan ölüb, 19-u isə yaralanıb. Təsərrüfatda olan texniki avadanlıqlar, o cümlədən dəyəri 30 min avro olan südsağma və soyuducu aparatlar yararsız hala düşüb.

Məlumat üçün bildirək ki, “Qara inək" MMC fermer təsərrüfatı İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kredit hesabına qurulub. Təsərüfata inəklər Almaniyadan və digər xarici ölkələrdən gətirilib və hər birinin qiyməti 5 min manatdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi