Cəlilabadda 100 illik dəyirman günə 2 ton un istehsal edir.
Dəyirmanın sahibi Əzizağa Dadaşov "Report"un Muğan bürosuna bildirib ki, dəyirmanda üyüdülən un insan orqanizmi üçün daha xeyirlidir. "Xüsusilə pəhriz saxlamaq tövsiyə edilmiş bir çox insanlar bu dəyirmanda üyüdülən buğdanın unundan qidalanır. Eyni zamanda, dəyirmanın həm sadəliyi, həm də 100 ildən çox tarixi bura gələnlərin marağına sahib olur. Bu dəyirmanların üstünlüyü çoxdur, kəpəyi undan ayırmır, un kəpəkli olur, bu da tibbi cəhətdən xeyirlidir. Çünki dədə-babalarımız min illər bu dəyirmanlardan, undan istifadə edib. Heç bir xəstəliyə düçar olmayıblar".
Qeyd edək ki, bu dəyirman Cəlilabadın Dövlətalıbəyli kəndində yerləşir. Cəlilabada ötən əsrin 30-cu illərində, rayonda taxılçılıq inkişaf etdiyi vaxtlarda gətirildiyi güman edilən dəyirmanın saata 200-250 kq və ya günə 2 ton un istehsal etmə gücü var.