Bu il Gürcüstanın qoyun ixracı üzrə əsas satış bazarı Azərbaycan olub
- 27 sentyabr, 2023
- 12:48
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 11,2 milyon ABŞ dolları dəyərində qoyun (diri) ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 2,2 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın qoyun ixrac etdiyi ölkələr (7) sırasında 1-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 24 milyon ABŞ dolları dəyərində qoyun satıb ki, bu da bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur. O cümlədən, Gürcüstan Səudiyyə Ərəbistanına 6,1 milyon ABŞ dolları dəyərində, İraqa 3,4 milyon ABŞ dolları dəyərində, Küveytə 2,1 milyon ABŞ dolları dəyərində, Qətərə 704 min ABŞ dolları dəyərində qoyun ixrac edib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricə 22,1 milyon ABŞ dolları dəyərində qoyun satıb ki, bunun da 12,4 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.