Bakının girişində paytaxta gətirilən yararsız ət aşkarlanıb

Bakının girişində paytaxta gətirilən yararsız ət aşkarlanıb Bu, Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə DİN-in birgə reydi nəticəsində məlum olub
ASK
27 Yanvar , 2016 14:00
Bakının girişində paytaxta gətirilən yararsız ət aşkarlanıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bakı şəhərində reyd keçirib.

DBNX-dən "Report"a verilən məlumata görə, alınmış məlumat əsasında keçirilən reyd zamanı Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda Bakı şəhərinə satış üçün Ağcabədi rayonu Aşağı Avşar kəndindən gətirilən, Aqil Əvəz oğlu Məmmədova məxsus 1 100 kq-dan artıq mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəkləri, sümükdən ayrılmış ətlər, baş-ayaq və daxili orqanlarla dolu olan Nofər Novruz oğlu Yusifovun idarə etdiyi “Ford Tranzit” markalı 99-XC-837 dövlət nömrə nişanlı avtomaşın saxlanılıb.

Avtomaşında olan heyvan cəmdəklərinə baxış keçirilən zaman heç bir mənşəyi, sağlamlığı haqqında müşayiətedici və baytarlıq sənədlərinin olmadığı müəyyən edilib.

Avtomobil "Baytarlıq şəhərciyi"nə gətirilib, cəmdəklərdən, sümüksüz ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) təqdim olunub. RBL-in ekspert rəyinə əsasən, yoxlanılan 30 nümunə ət və 2 nümunə daxili orqanlarda (ağciyər, qaraciyər, qarın) aparılan bakterioloji müayinələr zamanı hər bir nümunədə bakterioloji çirklənmə (BÇQB, stafılakokkus aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və söy-daş reaksiyaları) zamanı hər bir nümunənin keyfiyyətsiz olduğu müəyyən edildi və baytarlıq-sanitariya cəhətdən yararsızdır. Daxil olan 23 nümunə ət və 2 nümunə daxili orqanlar (ağciyər, qaraciyər, qarın) iribuynuzlu heyvana məxsusdur. Digər 7 nümunə ət isə at ətinə məxsusdur. Beləliklə, aparılan müayinələrin nəticəsinə əsasən yoxlanılan nümunələrin hər biri qida üçün yararsızdır və baytarlıq-sanitariya tələblərinə cavab vermir.

"Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və yuxarıda adları qeyd edilən vətəndaşlar barəsində ciddi inzibati tədbirlər görüləcək", - deyə DBNX-dan bildirilib.

Baytarlıq Xidməti bildirir ki, bu istiqamətdə reydlər həm Bakı şəhərində, həm də bütün bölgələrdə mütəmadi olaraq davam etdiriləcək: "Mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək".

Son xəbərlər

Orphus sistemi