Yuxarı

​Bakıda daşınmaz əmlak və torpaq idarəçiliyi müzakirə olunacaq

Tədbirdə Azərbaycan üçün aktual hesab edilən bir sıra istiqamətlərdə təcrübələr təqdim olunacaq

Bakı. 6 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) oktyabrın 29–30-da Bakıda “BMT AİK regionu üzrə daşınmaz əmlak/torpaq idarəçiliyində sahəvi reyestrlərin rolu” mövzusunda beynəlxalq tədbir keçirəcək.

"Report"a Komitədən verilən məlumata görə, tədbir BMT Avropa İqtisadi Komissiyası (AİK) və BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində baş tutacaq.

Tədbirin məqsədi BMT AİK-ə üzv olan 56 dövlətdə daşınmaz əmlak/torpaq idarəçiliyi çərçivəsində sahəvi reyestr və kadastrların (daşınmaz əmlak, torpaq, meşə, su, ünvan və s.) aparılması prinsipləri, bu sahədəki qanunvericilik bazası, reyestrlərdəki məlumatların elektron uçotu üzrə informasiya sistemlərinin qurulması qaydaları, elektron xidmətlər və sahəvi reyestrlərin qarşılıqlı təması ilə bağlı ölkə təcrübələrinin mübadiləsidir. Eyni zamanda, Azərbaycan reallığı üçün aktual hesab edilən bir sıra digər istiqamətlərdə təcrübələrin təqdim olunması, mövcud çətinliklər və onların həlli yolları, habelə bu sahədə birgə fəaliyyət imkanları haqqında geniş müzakirələrin aparılmasından ibarətdir.

Tədbirdə BMT AİK-ə üzv dövlətlərin, eləcə də müxtəlif regional və beynəlxalq təşkilatların, yerli icra hakimiyyəti orqanlarının, işgüzar dairələrin, habelə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi