​Bakıda beynəlxalq qida sənayesi sərgisi keçirilir - YENİLƏNİB

​Bakıda beynəlxalq qida sənayesi sərgisi keçirilir - YENİLƏNİB Sərgidə 250-dən artıq şirkət iştirak edir
ASK
21 May , 2015 10:34
​Bakıda beynəlxalq qida sənayesi sərgisi keçirilir - YENİLƏNİB

İlk xəbər saat 10:10-da verilib

Bakı. 21 may. REPORT.AZ/ Bu gün Bakıda XXI Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (WorldFood Azerbaijan-2015) işə başlayıb. "Report" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi “WorldFood Azerbaijan” sərgisinə dəstək göstərir. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edir.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov qeyd edib ki, ölkə əhalisinin ərzaqla təmin edilməsi, rəqabət qabiliyyətinin yüksəldilməsi əsas məqsədlər sırasında xüsusi yer tutur. 

"Hesab edirəm ki, biz və bizimlə yanaşı burada iştirak edən başqa ölkələrin iş adamları belə sərgilərdən yararlanaraq aqrar sektorda əldə edilmiş nailiyyətlərin həm milli, həm də qlobal səviyyədə işgüzar dairələrə çatdırılmasından istifadə etməlidir. Bu, sərginin məqsədidir", - deyə nazir bildirib.

Tədbirdə çıxış edən Belarusun baş nazirinin müavini Vladimir Semaşko qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının əsas prioritet sahələrdən biri olduğunu bilirik: "Dövlət tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir. Bütün bunlar kənd təsərrüfatının gələcək inkişafına xüsusi təkan verir. Belarus azərbaycanlı dostlarının kənd təsərrüfatının istehsalının təkmilləşdirilməsi sahəsində tapşırıqların həllində əldə etdikləri nailiyyətlərə sevinir. Ümid edirəm ki, bu uğurda Belarusun da bir payı var və qarşılıqlı əməkdaşlığı bundan sonra da davam etdirməyə hazırıq. İkitərəfli münasibətlərdə kənd təsərrüfatı sahəsinin əhəmiyyətini bir də o fakt təsdiq edir ki, bu gün bu sərgidə bizim respublika öz milli ekspozisiyası ilə çıxış edir. Bizim stenddə 60-dan çox şirkət təmsil olunur. Belarus texnikasının rəqabət qabiliyyətindən isə o fakt xəbər verir ki, son 6 ildə biz 21 mlrd. dollar həcmində texnika istehsal etmişik. Bunun 8 mlrd. dolları ölkədə istismar olunur, qalan hissəsi isə ixraca yönəldilib. Belarusun elm mərkəzləri azərbaycanlı dostları ilə bitkilərin xəstəliklərdən qorunması üçün gübrələr və bioloji preparatların tətbiqi sahəsində biliklərini bölüşməyə, neftlə çirklənmiş emal olunmuş məhsulların təmizlənməsi üçün biopreparatlarla tanış etməyə hazırdırlar".

Qeyd edək ki, hər il keçirilən bu sərgidə həm Azərbaycan, həm də dünya ərzaq bazarının aparıcı qida məhsulları istehsalçıları, distribyutorları və təchizatçıları iştirak edirlər. Bu il sərgi iştirakçılarının ümumi sayı 250 şirkətdən çoxdur və sərgidə Belarus, Bolqarıstan, Almaniya, Hindistan, İtaliya, İspaniya, Qazaxıstan, Koreya, Litva, Niderland, Polşa, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya və digər ölkələrin şirkətləri təmsil olunub. Avstraliya, Argentina, Belarus və Litva isə dövlət dəstəyi və peşə birliklərinin koordinasiya xidmətləri sayəsində təşkil edilmiş milli ekspozisiyalarla iştirak edir. 

Sərginin ənənəvi bölmələrində balıq, mal, qoyun, quş əti, konservləşdirilmiş süd məhsulları, baqqaliyyə və qənnadı məmulatları, soyuducu sistemlər, içkilər və bir çox digər məhsullar təqdim olunub. Sərgidə çörəkxanalar üçün avadanlıq və qablaşdırma avadanlıqlarını da görmək mümkündür. Ziyarətçiləri ən yaxşı avadanlıq istehsalçıları və qida sənayesindən təqdimatlar, habelə ustad dərsləri (“master class”) və çoxsaylı maraqlı təkliflər gözləyir.

Bununla yanaşı, sərgi çərçivəsində “Food Gallery by Nubar Hasanova” (Nübar Həsənovanın Qida Qalereyası) adlı fotosərgi təşkil olunacaq. Sözügedən fotosərginin məqsədi gənc istedadlara dəstək olmaq, eləcə də sərgi iştirakçılarını və sərginin qonaqlarını Azərbaycanın milli koloriti ilə tanış etməkdir.

Həmçinin, Xəzər beynəlxalq qablaşdırma, tara, etiket və poliqrafiya (“Ipack Caspian 2015”) sərgisi qablaşdırma materialları ilə yanaşı, qablaşdırmanın istehsalı və tərtibatı üçün avadanlıqları, habelə müxtəlif sənaye sahələri üçün tara və hazır qablaşdırma məhsullarını təqdim edir.

"Baku Expo Center"də keçirilən sərgi mayın 23-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi