“Azərpambığ”ın ixrac gəlirləri 19 % azalıb
- 30 sentyabr, 2022
- 10:30
Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 50,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 milyon ABŞ dolları və ya 18,9 % azdır.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracı 26,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,9 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.