“Azərpambığ”ın 4 ayda ixrac gəlirləri 35 %-ə yaxın azalıb
- 29 may, 2025
- 15:20
Bu ilin yanvar-aprel aylarında Azərbaycan İnvestisiya Holdinqinə məxsus “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 11,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin 4 ayı ilə müqayisədə 6,2 milyon ABŞ dolları və yaxud 34,8 % azdır.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.