Azərbaycanın xurma ixracındakı problemlərlə bağlı hökumətə müraciət edilib

ASK
  • 27 noyabr, 2021
  • 07:52
Azərbaycanın xurma ixracındakı problemlərlə bağlı hökumətə müraciət edilib

Ölkənin qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının xüsusi çəkisi ilbəil artır. Bu ilin 9 ayında ölkənin qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. Aqrar məhsullar bu il qeyri-neft ixracında 30,8 %-lik paya sahib olub.

Əsas ixrac potensiallı məhsullardan biri də xurmadır. Ekoloji baxımdan təmiz qida məhsulu hesab edilən xurma uzun illər ölkəyə davamlı valyuta axını gətirib. Bu il ölkədə xurma istehsalı prosesi, ixracla bağlı, həmçinin bu sahədə mövcud olan problemlərlə əlaqədar “Report” Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov ilə danışıb.

Onun sözlərinə görə, Azərbaycanda xurma 22 rayonda əkilir: "Bu il ölkədə xurma istehsalında bol məhsuldarlıq qeydə alınıb. İstehsal edilən məhsul ölkə bazarının 20 %-ini təşkil edir, bu isə 30-40 min ton xurma deməkdir. İstehsalın 80 %-i ixrac edilir”.

O əlavə edib ki, hazırda məhsul yığımı davam edir, qarşıdakı 3-4 gün ərzində məhsul yığımı tamamilə yekunlaşacaq.

Q. Yusifovun sözlərinə görə, fermerlər bu il istehsal prosesində bir sıra çətinliklərlə üzləşiblər: “Qlobal istiləşmə ilə bağlı bu il su çatışmazlığı yaşanıb. Su təminatında damlama suvarma sistemindən istifadə fermerlərin işini asanlaşdırır və su təminatı ilə bağlı problemlərin təsirlərini azaldır. Bu sistemin tətbiq edilmədiyi bağların məhsulları bu il çox keyfiyətsiz olub. Damlama suvarma sisteminin tətbiq edildiyi bağlar "premium" keyfiyyətinə malik məhsul istehsal ediblər”.

Q.Yusifov Azərbaycanın xurma ixracının hazırda davam etdiyini bildirib: “Hazırda ənənəvi bazarlara xurma ixracı davam edir. Uzun illərdir ki, bizim ənənəvi bazarlarımız Rusiya, Ukraynadır. Lakin sözügedən bazarlarda məhsulun satış qiyməti qaneədici səviyyədə deyil. Həmin ölkələrin iqtisadi vəziyyəti bir o qədər yaxşı deyil. 5-6 il öncə bu ölkələrə ixrac bizə sərf edirdi. Məhsulumuzun daha ucuz qiymətə təklif edilməsi bizim ixrac gəlirlərimizə təsir edəcək”.

Assosiasiya sədri əlavə edib ki, bu il Qazaxıstan bazarlarına da xurma ixrac edilib: “Lakin biz bu istiqamətdə irihəcmli ixracı nəzərdə tutan müqavilələrin bağlanmasını istəyirik”.

O, xurmanın Türkiyəyə ixracı ilə bağlı məsələdən danışarkən bildirib ki, Azərbaycanla -Türkiyə arasında Preferensial Ticarət Sazişi imzalanıb: “Bu sazişə uyğun olaraq bir sıra məhsulların ixracı ƏDV-dən azad edilib. Həmin məhsullardan biri də xurmadır. Sazişə əsasən Türkiyəyə 30 milyon ABŞ dolları dəyərində ƏDV-siz xurma ixrac edə bilərik. Hazırda Türkiyədə liranın ABŞ dolları qarşısında dəyər itirməsinə görə ordakı müştərilərin bizdən məhsul almağa maraqları yoxdur. Azərbaycan xurmasının Türkiyəyə ixracının genişləndirilməsi üçün İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və AZPROMO tərəfindən güclü təşkilatçılıq işləri həyata keçirilməlidir. Mən bu ilin yayında bu qurumlara rəsmi məktubla müraciət etmişdim ki, bu il məhsul boldur, ənənəvi bazarlardan başqa digər bazarlara məhsulumuzun satılmasında ixracatçılara kömək edilsin".

Q.Yusifov xurmanın Avropoya ixracı ilə bağlı məsələyə münasibət bildirib: “Hazırda Avropaya xurma ixrac etmirik, amma Ukraynaya ixrac edilən xurmamız Çexiyaya, Macarıstana göndərilir. İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən xurmanın Avropaya ixracı istiqamətində iş aparmalıdır”.

Assosiasiyasının sədri Azərbaycan xurmasının xarici bazarlarda İspaniya xurması ilə rəqabətə girməsi ilə bağlı məsələdən danışarkən deyib ki, İspaniya xurması bütün Avropaya, Afrikaya ixrac edilir: “İspan xurmasının üstünlüyü budur ki, onların daha düzgün yanaşmaları var. Bu istiqamətdə sistemli iş aparırlar. Lakin hazırda Rusiya bazarlarına gələ bilmirlər”.

Statistika Komitəsinin məlumatına görə, bu il Azərbaycan xurmasının ixrac həcmi 7 illik maksimuma çatıb. Bu ilin 9 ayı ərzində Azərbaycan 34,078 milyon ABŞ dolları dəyərində 45 min 334,33 ton xurma ixrac edib. Bu, ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Bu il xarici bazarlara ixrac edilən xurmanın 32,77 milyon ABŞ dolları dəyərində 40 min 326,7 tonu Rusiyanın, 1,240 milyon ABŞ dolları dəyərində 4 min 762,14 tonu Ukraynanın payına düşüb. Ötən ilin eyni dövrünə nisbətən bu ölkələrə ixracın həcmi müvafiq olaraq 2,2 dəfə və 2,6 dəfə artıb.

Birillik fasilədən sonra Azərbaycan xurması Qazaxıstan və Türkiyəyə ixracı bərpa olunub. Həmin ölkələrə bu ilin yanvar-sentyabr aylarında müvafiq olaraq 37,87 min ABŞ dolları dəyərində 118,08 ton və 30,06 min ABŞ dolları dəyərində 127,41 ton məhsul ixrac edilib.

Builki ixracın həcmi 2014-cü ildən bu yana qeydə alınan ən yüksək göstəricidir. Belə ki, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 18 min 277,22 ton, 2019-cu ilin - 25 min 017,23 ton, 2018-ci ilin – 24 min 059,22 ton, 2017-ci ilin – 11 min 172,18 ton, 2016-cı ilin - 10 min 310,09 ton, 2015-ci ilin - 9 min 969,9 ton, 2014-cü ilin 12 ayının nəticələrinə görə (Qeyd: 2012-2014-cü illər üzrə xarici ticarətin rüblük statistikası rəsmi mənbələrdə yoxdur) 69 min 310,7 ton, 2013-cü ilin – 95 min 118,2 ton, 2012-ci ilin – 109 min 008,8 ton olub.