Azərbaycanın daha 9 rayon və şəhəri üzrə müfəssəl kadastr məlumat bazası yaradılıb

Azərbaycanın daha 9 rayon və şəhəri üzrə müfəssəl kadastr məlumat bazası yaradılıb Ağdam, Bərdə, Tərtər, Goranboy, Beyləqan, Ağcabədi, Füzuli, İmişli rayonları və Naftalan şəhəri üzrə ümumilikdə 517 501 hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb.
ASK
17 May , 2023 12:51
Azərbaycanın daha 9 rayon və şəhəri üzrə müfəssəl kadastr məlumat bazası yaradılıb

Ağdam, Bərdə, Tərtər, Goranboy, Beyləqan, Ağcabədi, Füzuli, İmişli rayonları və Naftalan şəhəri üzrə ümumilikdə 517 501 hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb.

"Report"un Qarabağ Bürosu xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdamın Quzanlı qəsəbəsində keçirilən torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilən zona müşavirəsində bildirilib.

Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov vurğulayıb ki, dövlət başçısı tərəfindən təsdiq edilən inkişaf strategiyalarında müəyyən edilmiş hədəflərə nail olunmasında ölkənin potensial imkanlarının əsas elementi kimi qiymətləndirilən torpaq ehtiyatlarının səmərəli idarəetməsinin təşkili və torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Müşavirədə torpaqların və dövlət əmlakının idarə edilməsi, istifadəsi və onların mühafizəsinə nəzarət olunması, dövlət əmlakının və torpaq sahələrinin icarəyə cəlb edilməsi, bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri, elektron baza xəritələrinin işlənməsi barədə məlumatlar verilib.

Ötən il və bu ilin yanvar-aprel ayları ərzində qeyd edilən şəhər və rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, şəhər və rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır. Belə ki, bu şəhər və rayonlarda 39 süni balıq gölünün yaradılması səbəbindən 110 hektara yaxın kənd təsərrüfatı torpağı əkin dövriyyəsindən çıxarılıb.

Monitorinqlər nəticəsində adıçəkilən şəhər və rayonlarda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq qanunvericiliyinin pozulması ilə bağlı 939 hal aşkar edilərək sənədləşdirilib. Həmin hallarla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə, müvafiq orqanlara müraciətlər edilib.

Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsi, təsirli tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb. Vurğulanıb ki, torpaqlardan istifadə edilməsi və onların mühafizəsi sahəsində qanunvericiliyə əməl olunması ilə bağlı preventiv tədbirlərin, davamlı maarifləndirmə və izahat işlərinin aparılması, bu məsələlərdə ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və bələdiyyələrin iştirakının gücləndirilməsi vacibdir.

Beyləqan, İmişli rayonunun bələdiyyə sədrləri də torpaq və əmlak idarəçiliyi sahəsində rastlaşdıqları çətinliklərdən, mövcud vəziyyətdən bəhs ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.

Son xəbərlər

Orphus sistemi