Azərbaycanda xüsusi ərzaq bazarlarının təşkili və ərzaq bankının yaradılması təklif olunur

Azərbaycanda xüsusi ərzaq bazarlarının təşkili və ərzaq bankının yaradılması təklif olunur Bu, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində qeyd edilib
ASK
16 Dekabr , 2016 17:45
Azərbaycanda xüsusi ərzaq bazarlarının təşkili və ərzaq bankının yaradılması təklif olunur

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanın müxtəlif regionlarında meyvə, tərəvəz və bostan məhsullarının topdan satışı ilə məşğul olan və müasir tələblərə uyğun infrastruktura malik yeni bazar institutları şəbəkəsi yaradıla bilər. "Report" xəbər verir ki, bu, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində qeyd edilib.

Sənəddə bildirilir ki, ölkədə qida məhsullarının zəruri satış şəbəkəsi formalaşsa da, kənd təsərrüfatı məhsullarının ticarəti üzrə bazar strukturları və institutları hələ də lazımi səviyyədə inkişaf etməyib. Bazar kanalları dağınıq və bəsit olduğundan, qeyri-formal sektor burada üstünlük təşkil edir. Buna görə də əksəriyyəti kiçik təsərrüfatlardan ibarət olan kənd təsərrüfatı istehsalçılarının xüsusən də bitkiçilik məhsulları üzrə əlverişli şərtlərlə bazara çıxışında problemlər mövcuddur.

"Kənd təsərrüfatı məhsullarının sahədən satış qiyməti ilə son istehlak bazarındakı satış qiyməti arasında böyük fərq var. Bu problem, xüsusilə meyvə, tərəvəz və bostan məhsullarının topdan və pərakəndə satışı şəbəkəsinin kifayət qədər inkişaf etməməsindən qaynaqlanır. Meyvə, tərəvəz və bostan məhsullarının ölkə üzrə topdansatışı təqribən 30 bazarda həyata keçirilir. Lakin ölkə üzrə topdansatışın böyük hissəsi Bakı şəhərində yerləşən 3 bazarda, onun da əsas hissəsi “Meyvəli” ticarət mərkəzində həyata keçirilir. Topdansatış fəaliyyətinin həyata keçirildiyi digər bütün bazarların əsas təyinatı pərakəndə satışdır. Kənd təsərrüfatı məhsulları bazarının stabil inkişafı və istehsalçıların bazara çıxış imkanlarının yaxşılaşdırılması baxımından topdansatış bazarları şəbəkəsinin inkişaf etdirilməsi olduqca mühümdür. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin 2003-cü ildə apardığı tədqiqata əsasən, meyvə, tərəvəz və bostan məhsullarının sahədən satış qiyməti ilə Bakı şəhərində son istehlakçılara satış qiyməti arasındakı fərq, məhsullardan asılı olaraq, 200-600% aralığında olduğu halda, “Meyvəli” ticarət mərkəzi qurulduqdan sonra 2014-cü ildə aparılan hesablamalara əsasən, bu göstərici maksimum 200% olub. Təkcə elə bu fakt ölkənin müxtəlif regionlarında meyvə, tərəvəz və bostan məhsullarının topdan satışı ilə məşğul olan və müasir tələblərə uyğun infrastruktura malik yeni bazar institutları şəbəkəsinin yaradılmasına böyük zərurət olduğunu göstərir", - deyə sənəddə deyilir.

Sənəddə həmçinin qeyd olunub ki, əhalinin bütün kateqoriyalarının istehlak normalarına uyğun qidalanmasını təmin etmək üçün daha həssas sosial qrupların müəyyənləşdirilməsi və həmin qrupların ərzaqla təminatının yaxşılaşdırılması məqsədilə aidiyyəti orqanlarla birlikdə məqsədli dövlət proqramlarının hazırlanması imkanları araşdırılacaq, xüsusi ərzaq bazarlarının təşkili və ərzaq bankının yaradılması nəzərdən keçiriləcək.

Son xəbərlər

Orphus sistemi