Azərbaycanda mənşəyi məlum olmayan dondurulmuş heyvan əti aşkarlanıb

Azərbaycanda mənşəyi məlum olmayan dondurulmuş heyvan əti aşkarlanıb Bu, ölkə üzrə keçirilən reydlər zamanı aşkar edilib
ASK
2 Dekabr , 2015 09:34
Azərbaycanda mənşəyi məlum olmayan dondurulmuş heyvan əti aşkarlanıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması ilə əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bakı şəhəri və Bərdə rayonu ərazilərində reydlər keçirib.

Bu barədə "Report"a Xidmətdən daxil olan məlumatda bildirilir. 

Belə ki, reyd zamanı Ələt-Bakı avtomobil magistralının Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda noyabrın 30-da gecə saat 11-12 radələrində Bakıda satış üçün gətirilən 5 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri ilə dolu “Mercedes” markalı yük avtomaşını saxlanılıb. Heyvan cəmdəklərinə baxış keçirilən zaman heç bir müşayiətedici baytarlıq və digər sənədlərinin olmadığı müəyyən edilib. Avtomobil sürücüsü və yükü müşayiət edən şəxsin izahatlarına görə, yük avtomobilindəki heyvan cəmdəkləri Bərdə şəhəri S.Vurğun küçəsi,9 nömrəli evin sakini Seyfəddin Vəliyəddin oğlu Novruzova məxsusdur. S.Novruzovun həyətində ona məxsus dövlət baytarlıq qeydiyyatında olmayan iki soyuducu kameralara dekabrın 1-də baxış keçirilib və 20 tondan yuxarı mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri aşkar edilib.

Aşkar edilmiş heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi (rəngi dəyişmiş, göyərmiş, qeyri-spesifik iyə malik olduğu) məlum olub. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) təhvil verilib. Laborator müayinələrin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək. Qanun pozuntuları aşkar olunarsa, ciddi inzibati tədbirlərin görülməsi üçün toplanmış sənədlər prokurorluq orqanlarına göndəriləcək.

Bu kimi tədbirlər ölkənin bütün rayonlarında davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi