Yuxarı

​Azərbaycanda kənd təsərrüfatı istehsalı ötən il azalıb

İllik müqayisədə bitkiçilik sahəsində istehsal 8,3% azalıb, heyvandarlıqda isə 3% artıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü ildə 5 225,8 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Əvvəlki ilə nisbətən istehsalın həcmi 2,6%, o cümlədən bitkiçilik məhsulları üzrə 8,3% azalıb, heyvandarlıq məhsulları üzrə isə 3,0% artıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata əsasən, aqrar bölmədə bitkiçilik məhsullarının yığımı başa çatıb.

Hesabat ilində qarğıdalı da daxil olmaqla 2 383,3 min ton taxıl, 819,3 min ton kartof, 1 187,7 min ton tərəvəz, 41,0 min ton pambıq, 849,9 min ton meyvə və giləmeyvə, 440,9 min ton bostan məhsulları, 147,7 min ton üzüm, 175,1 min ton şəkər çuğunduru, 20,3 min ton dən üçün günəbaxan, 2,9 min ton tütün, 474,2 ton yaşıl çay yarpağı toplanıb, diri çəkidə 505,5 min ton ət, 1 855,8 min ton süd, 1 562,7 mln. ədəd yumurta və 16,8 min ton yun istehsal olunub.

Əvvəlki ilə nisbətən ət istehsalı 1,7%, süd istehsalı 3,3 %, yumurta istehsalı 11,5%, yun istehsalı 1,6% artıb.

İlkin məlumatlara görə, 2015-ci il yanvarın 1-nə ölkə üzrə 2 706,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 304,0 min baş inək və camış, 8 681,5 min baş qoyun və keçi mövcud olub. Son bir ildə iribuynuzlu mal-qaranın sayı 3,6 minbaş (0,1%), o cümlədən inək və camışların sayı 2,4 min baş (0,2%), qoyun və keçilərin sayı 51,0 min baş (0,6%) artıb.

Qeyd edək ki, 2015-ci ilin məhsulu üçün 1 017,0 min hektar sahədə şum qaldırılıb, 875,7 min hektar sahədə dən üçün taxıl, o cümlədən 537,2 min hektarda buğda, 338,4 min hektarda arpa səpilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi