Azərbaycanda istixana sistemlərində innovativ işıqlandırma texnologiyalarının tətbiqinə start verilir.
"Report" bu barədə Kənd Təsərrüfat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu gün nazirliyin Aqrar İnnovasiya Mərkəzi, "Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi, “Signify” və “Grow Group” şirkətləri arasında innovativ işıqlandırma texnologiyalarının istixanalarda tətbiqinə dair müqavilənin imzalanma mərasimi keçirilib.
Mərasimdə çıxış edən nazir İnam Kərimov bildirib ki, tərəvəz ixracı üzrə ixtisaslaşmış Azərbaycanda istixanalar da texnoloji nöqteyi nəzərdən digər ölkələrdəki istixanalarla rəqabətə hazır olmalıdır: "Həm ərzaq istehsalını artırmaq, həm xarici bazarda rəqabətə davam gətirmək üçün müasir texnologiyalara əsaslanan istixanaların qurulması vacibdir. Hazırda müasir tərəvəz istixanalarında ən geniş yayılmış texnologiyalardan biri LED işıqlandırma sistemidir. Bu texnologiyanın tətbiqi nəticəsində hər hektardan 150-200 ton əlavə pomidor və digər tərəvəz məhsulları götürülür. Eyni zamanda yüksək keyfiyyətli tərəvəzi ilboyu istehsal edə biləcəyik, bu təkcə tərəvəz istehsalını deyil, ölkəyə daxil olan valyutanın həcmini də artıracaq”.
İlkin mərhələdə bu texnologiyaların istixanalarda tətbiqi ilə bağlı elektrik enerjisi təminatında dövlət müvafiq dəstək və güzəştlər göstərəcək. Bu pilot layihənin gələcəkdə əhatə dairəsinin genişlənməsi məhsul artımı göstəricilərindən asılı olacaq.