Yuxarı

Azərbaycanda Belçika pendiri istehsal olunacaq

İmişli rayonunda Gouda pendiri istehsal edən zavod tikiləcək

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda səfərdə olan Belçikanın "Scherjon" şirkətinin prezidenti Skeryon Hielkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, görüşün məqsədi İmişlidə südçülük-heyvandarlıq təsərrüfatı və “Gouda” pendiri istehsal edən zavodun tikilməsinə dair ilkin biznes planın müzakirəsi olub.

H.Əsədov ötən il Azərbaycana 20 min baş yüksək məhsuldar genetik potensiala malik qaramal gətirildiyini, bu il də əlavə olaraq 10 min baş gətirilərək güzəştli şərtlərlə lizinq yolu ilə fermerlərə veriləcəyini qonaqların diqqətinə çatdırıb. Nazir bu layihənin Azərbaycanda həyata keçirilməsi üçün lazımi dəstək göstəriləcəyini bildirib.

"Scherjon" şirkətinin prezidenti S.Hielkon layihənin həyata keçirilməsi üçün kompleksin 500 ha torpaq sahəsini əhatə edəcəyini, ferma və zavodun eyni ərazidə yerləşəcəyini, keyfiyyətli pendirin istehsalı üçün keyfiyyətli südün olmasının vacibliyini nəzərə alaraq Hollandiyadan 1 000 baş Holştin-friz südlük inəklərin gətirələcəyini, bu kompleksin region üçün strateji əhəmiyyətə malik olduğunu, istehsal olunacaq məhsulun həm daxili bazara, həm də qonşu ölkələrə satılacağını bildirib.

Qeyd edək ki, tədbirdə Hollandiyanın Azərbaycandakı səfiri Robert Yan Qabriels və İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi