Azərbaycanda aqrar sektor ötən il 4,2% böyüyüb

Azərbaycanda aqrar sektor ötən il 4,2% böyüyüb Bakı. 17 yanvar. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 6,58 mlrd. manat təşkil edib.
ASK
17 Yanvar , 2018 15:08
Azərbaycanda aqrar sektor ötən il 4,2% böyüyüb

Bakı. 17 yanvar. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 6,58 mlrd. manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 3,561 mlrd. manatı heyvandarlıq, 3,019 mlrd. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

2016-cı illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,2%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,7%, bitkiçilik məhsullarının istehsalı isə 6,1% artıb.

2017-ci ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 941,5 min hektar əkin sahəsindən 2 693,2 min ton və yaxud 2016-cı illə müqayisədə 5,2% az məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner təşkil edib. Bundan əlavə, 35,7 min hektar dən üçün qarğıdalının əkin sahəsindən 235,6 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 60,9 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2 928,8 min ton olub.

Dənli və dənli paxlalıların tərkibində payızlıq və yazlıq buğda əsas yer tutub. İstehsal olunmuş taxıl məhsulunun 62,1%-ni (1 818,7 min tonunu) buğda, 27,8%-ni (815 min tonunu) arpa, 8%-ni (235,6 min tonunu) qarğıdalı, 0,6%-ni (16,2 min tonunu) çəltik, 1,1%-ni (32 min tonunu) paxlalılar, 0,4%-ni (11,3 min tonunu) isə digər dənli və dənli paxlalı bitkilər təşkil edib.

2017-ci ildə 913,9 min ton və yaxud əvvəlki ilə nisbətən 1,3% çox kartof, 1 405,6 min ton (10,6% çox) tərəvəz, 438,1 min ton (5,7% az) bostan məhsulları toplanıb. Eyni zamanda hektarın orta məhsuldarlığı kartof üzrə 10 sentner, bostan məhsulları üzrə 11 sentner artıb və uyğun olaraq 150 və 187 sentner olub, tərəvəz üzrə isə 2 sentner azalaraq 157 sentner olub.

2017-ci ildə 15,2 min hektar sahədə dən üçün günəbaxan, 13,8 min hektar sahədə şəkər çuğunduru, 3,2 min hektar sahədə tütün və 136,4 min hektar sahədə pambıq əkilib. Yanvar-dekabr aylarında həmin sahələrdən 30,6 min ton və yaxud əvvəlki ilə nisbətən 78,1% çox dən üçün günəbaxan, 422,2 min ton (22% çox) şəkər çuğunduru, 5 213,2 ton (45,4% çox) tütün yarpağı, 207,5 min ton (2,3 dəfə çox) pambıq yığılıb.

Meyvə və giləmeyvə istehsalı 2017-ci ildə 8,2% artaraq 954,8 min ton təşkil edib. İl ərzində əlavə olaraq 10 942 hektarda fındıq, 971 hektarda nar, 471 hektarda xurma, 681 hektarda sitrus meyvə bağları salınıb, bu məhsullar üzrə istehsal müvafiq olaraq 45,5 (32,9% çox), 156,8 (8,0% çox), 147,2 (3,0% çox) və 42,8 (8,4% az) min ton olub.

2017-ci ildə 152,8 min ton (12,0% çox) üzüm, 775,2 ton (23,7% az) yaşıl çay yarpağı yığılıb.

2017-ci ildə 540,5 min ton yaxud əvvəlki ilə nisbətən 3,2% çox diri çəkidə ət, 2 024,1 min ton (0,7% çox) süd, 1 714 milyon ədəd (6,5% çox) yumurta, 16 min ton (3,7% az) yun, 245,2 ton (3,5 dəfə çox) barama istehsal olunub.

Son xəbərlər

Orphus sistemi