Azərbaycan sentyabrda pambıq ixracını 3,2 dəfə artırıb

ASK
  • 30 oktyabr, 2024
  • 10:10
Azərbaycan sentyabrda pambıq ixracını 3,2 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 151 milyon 610,42 min ABŞ dolları dəyərində 100 min 485,55 ton pambıq lifi (mahlıc) ixrac edilib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 71 %, həcmi isə 2,1 dəfə artıb.

Sentyabrda isə ölkədən 12 milyon 260,02 min ABŞ dolları məbləğində 8 min 912,2 ton pambıq lifi ixrac edilib ki, bu da bir il öncəki göstəriciyə nisbətən müvafiq olaraq 2,4 dəfə və 3,2 dəfə çoxdur.

Qeyd edək ki, bu ilin 9 ayında Azərbaycan 2 milyard 81 milyon 519,33 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 % azdır. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında pambıq lifinin payı 7,28 % təşkil edir.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.