Azərbaycan şəkər idxalına çəkdiyi xərci təxminən 16 % artırıb

ASK
  • 20 aprel, 2024
  • 11:57
Azərbaycan şəkər idxalına çəkdiyi xərci təxminən 16 % artırıb

Azərbaycan bu ilin yanvar-mart aylarında 57,208 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 5,384 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 47,2 % azdır.

Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,54 %-ni, ixrac isə ümumi ixracın 0,09 %-ni təşkil edib.

Xatırladaq ki, I rübdə Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,6 % azdır. Ticarət dövriyyənin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,7 %, idxal isə 7,9 % azalıb.