Bu ilin iyulun 1-dən bu günə kimi (2019/2020 mövsümü) Azərbaycan Rusiyadan 857 min ton taxıl və taxıl emalı məhsulları idxal edib.
“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə (2018/2019 mövsümü) müqayisədə 3 dəfə çoxdur. Bununla da Rusiyanın Azərbaycana taxıl ixracı ümumi ixracının 4 faizinə bərabər olub və Azərbaycan Rusiyadan taxıl idxal edən ölkələrin siyahısında ilk beşilkdə yer alıb.
Ümumilikdə, Rusiya bu ilin iyulundan bu günə kimi 127 ölkəyə 22,8 milyon ton taxıl və taxıl emalı məhsulları ixrac edib. Bu, isə ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 milyon ton və ya 9% azdır. 2018/2019 mövsümü ərzində Rusiya 130 ölkəyə 25 milyon ton taxıl və taxıl emalı məhsulları ixrac edib.
Rusiya taxıl və taxıl emalı məhsullarının idxalında ötən il I yeri Türkiyə tutub. Bu ölkə Şimal qonşumuzdan 4,9 milyon ton taxıl idxal edib. Bu, isə Rusiyanın ixrac etdiyi taxıl və taxıl emalı məhsullarının ümumi ixracının 22%-nə bərabərdir. Daha əvvəlki illə müqayisədə isə 68% çoxdur. Sonrakı yerləri isə Misir və Banqladeş tuturlar. Belə ki, ötən il ərzində Misir 2,6 milyon ton taxıl və taxıl emalı məhsulları idxal edib ki, bu da daha əvvəlki illə müqayisədə 30% azdır. Banqladeş isə ötən il Rusiyadan 1,1 milyon ton taxıl və taxıl emalı məhsulları idxal edib ki, bu da daha əvvəkli ilin göstəriciləri ilə müqayisədə 27% çoxdur.