Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanda bu ildən qeyri-neft sektorunun inkişafı və ixracyönümlü istehsal payının artırılması, xüsusən, kənd təsərrüfatı sektorunda məhsuldarlıq göstəricilərinin yüksəldilməsi və rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının yetişdirilməsi əsas hədəflərdən biri seçilib.
"Report"un əldə etdiyi məlumata görə, bu çərçivədə ölkədə becərilən bitkiçilik məhsullarının rəqabət qabliyyətini artırmaqla, ixrac potensialını gücləndirmək üçün Azərbaycan bu sahədə beynəlxalq təcrübəyə malik olan nüfuzlu şirkətlərlə əməkdaşlığa hazırlaşır.
Belə ki, ölkənin ixrac potensialının gücləndirilməsi üçün istixana məhsullarının yetişdirilməsi məqsədilə xarici təcrübə öyrəniləcək. İndi Niderland, İsrail və Cənubi Koreya şirkətləri bu layihənin əsas tərəfdaşları olmaq üçün öz təkliflərini irəli sürüb. Hazırda təkliflər nəzərdən keçirilir.
Təklif edilən unikal layihələrdən birində bu cür istixanaların uzaq məsadəfən onlayn şəkildə idarə edilməsi imkanları göstərilib. Tərəfdaş seçiləcək şirkət istixana məhsullarının yetişdirmə prosesinin düzgün həyata keçirilməsi üçün öz ölkəsindən azərbaycanlı mütəxəssislərə onlayn dəstək göstərəcək.
Qeyd edək ki, təkliflərini irəli sürən şirkətlər tədqiqat fəaliyyəti və pratiki biliklərin tətbiqində kənd təsərrüfatı sektorunun liderləridir. Həmçinin, istehsalın optimallaşdırılması, tədris, təslim layihələrinin inkişafı və potensialın təkmilləşdirilməsində təcrübəyə malikdir.