Azərbaycanın kənd təsərrüfatı məhsullarının Braziliyaya ixracının genişləndirilməsi məsələsi müzakirə edilib.
"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, qurumda Braziliya Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin ticarət və beynəlxalq əlaqələr üzrə katibi Roberto Perosanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan nazir Məcnun Məmmədov bildirib ki, Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafını prioritet sahə kimi müəyyən edib. Məhz bu siyasət nəticəsində ölkəmizdə aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. O, Azərbaycanda qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, aqrar sektora dövlət dəstəyi, aparılan islahatlar, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, aqrar xidmətlərin elektronlaşdırılması, respublikamızda mövcud olan əlverişli investisiya mühiti barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Görüşdə Azərbaycan ilə Braziliya arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının yaradılması, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, heyvandarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi, aqrar sektorda elmi-tədqiqat sahəsində təcrübə proqramlarının həyata keçirilməsi, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Braziliyaya ixracının genişləndirilməsi məsələsi müzakirə edilib.
M.Məmmədov ölkəmizdə hər il təşkil olunan “Caspian Agro” sərgisinin əhəmiyyətinə toxunub, Braziliyalı iş adamlarını bu sərgidə fəal iştiraka, həmçinin etibarlı və əlverişli biznes mühitini nəzərə alaraq Azərbaycanın kənd təsərrüfatı sektoruna sərmayə qoymaq imkanlarını araşdırmağa çağırıb.
Görüşdə kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.