Azərbaycan Gürcüstandan diri heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyub

Azərbaycan Gürcüstandan diri heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyub Buna səbəb Gürcüstanda yayılan blutanq xəstəliyidir
ASK
30 Yanvar , 2016 09:44
Azərbaycan Gürcüstandan diri heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyub

Bakı. 30 yanvar. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərinin yaxınlığında yerləşən Varketili ərazisində blutanq xəstəliyinin yayılması ilə əlaqədar Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi Azər Süleymanov əmr imzalayıb. Bu barədə Xidmətdən "Report"a daxil olan məlumatda deyilir.

Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə DBNX-nin imzaladığı bu əmrdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına görə, Tbilisi şəhəri yaxınlığında yerləşən Varketili ərazisində blutanq xəstəliyinin baş verməsi bildirilir.

Bununla əlaqədar əmrdə həmin ölkədən diri heyvanların (iribuynuzlu, xırdabuynuzlu və dəvələrin) idxalına müvəqqəti məhdudiyyət qoyulması, eləcə də digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına isə Gürcüstan Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı və mənşə sertifikatı olduğu təqdirdə baxılması qeyd edilir.

Gürcüstanda baş vermiş blutanq xəstəliyi ilə bağlı ölkənin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilib və aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

DBNX bildirir ki, blutanq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə Azərbaycanda epizootik vəziyyət sabitdir və bu sabitliyə tam nəzarət edilir.

Son xəbərlər

Orphus sistemi