Azərbaycan gübrə idxalına çəkdiyi xərci 7 % azaldıb
- 18 noyabr, 2023
- 05:39
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 65,046 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,9 % azdır.
10 ay ərzində Azərbaycanın gübrə ixracının dəyəri isə 64,238 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 2,8 dəfə azdır.
Hesabat dövründə gübrə üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,46 %-ni, ixrac gəlirləri isə ölkənin ümumi ixrac üzrə qazancının 0,22 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6 % azdır.
Xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,5 % azalıb, idxal isə 22,3 % artıb.
Son nəticədə xarici ticarətdə 15 milyard 172 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 34,4 % azdır.