Azərbaycan daha bir ölkədən kərə yağı idxal etməyə başlayıb
- 03 iyul, 2024
- 07:40
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 40,3 milyon ABŞ dolları dəyərində 7 min 821 ton kərə yağı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 32 % çoxdur.
Azərbaycan İrandan 19,88 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 86 % çoxdur) 4 min 552 ton (+83 %), Yeni Zelandiyadan 13,1 milyon ABŞ dolları dəyərində (-6 %) 2 min 159 ton (-2 %), Belarusdan 2,33 milyon ABŞ dolları dəyərində (+41 %) 389 ton (+63 %), Finlandiyadan 1,59 milyon ABŞ dolları dəyərində (+10 %) 234 ton (+19 %), Ukraynadan 1,54 milyon ABŞ dolları dəyərində (-51 %) 220 ton (-61 %) kərə yağı alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Portuqaliyadan (1 min ABŞ dolları dəyərində 0,06 ton) tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 16 min ton kərə yağının 43 %-i Yeni Zelandiyanın, 33 %-i İranın payına düşüb.