Azərbaycan daha 2 ölkədən toyuq əti tədarük etməyə başlayıb
- 31 yanvar, 2023
- 05:45
Azərbaycana ötən ilin yanvar-noyabr aylarında 43,694 milyon ABŞ dolları dəyərində 26 min 993 ton dondurulmuş toyuq əti idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 10,2 % çoxdur.
Hesabat dövründə Ukraynadan Azərbaycana 22 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % azdır) 14 min 789 ton (-19 %), Rusiyadan 12,21 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 6 min ton (+63 %), Belarusdan 5,837 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 3 min 721 ton (+2,3 dəfə), Gürcüstandan 3,484 milyon ABŞ dolları dəyərində (+6,3 dəfə) 2 min 359 ton (+6,3 dəfə), Moldovadan 93,04 min ABŞ dolları dəyərində (-85,6 %) 64 ton (-86 %) məhsul gətirilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İrandan və İtaliyadan tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 8 min ABŞ dolları dəyərində 20 ton və 0,04 min ABŞ dolları dəyərində 0,01 ton toyuq əti alınıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (7 ölkədən) aldığı 27,8 min ton dondurulmuş toyuq ətinin 75 %-i Ukraynanın, 15 %-i Rusiyanın payına düşüb.