Azərbaycan 2 ölkədən səməni idxalını bərpa edib
- 28 avqust, 2023
- 06:31
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 6,7 milyon ABŞ dolları dəyərində 9 min 780 ton səməni gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 6,8 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 3,97 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % çoxdur) 7 min 111 ton (+20 %), Almaniyadan 2,144 milyon ABŞ dolları dəyərində (+12 %) 1 min 783 ton (-23 %), Belarusdan 311,44 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 649,24 ton (+2,6 dəfə), Slovakiyadan 113,47 min ABŞ dolları dəyərində (+11 %) 105 ton (-18 %), Çexiyadan 75,59 min ABŞ dolları dəyərində (-14 %) 67 ton (-40 %) məhsul idxal edib.
Azərbaycan 2 il 1 aylıq fasilənin ardından Belçikadan (23,66 min ABŞ dolları dəyərində 21 ton) və 1 il 5 aydan sonra Avstriyadan (0,26 min ABŞ dolları dəyərində 0,2 ton) tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycana (9 ölkədən) idxal edilən 17,5 min ton səməninin 68 %-i Rusiyanın payına düşüb.