Avropa İttifaqı ilə Dövlət Baytarlıq Xidmətinin birgə layihəsinin icrasına başlanılıb

Avropa İttifaqı ilə Dövlət Baytarlıq Xidmətinin birgə layihəsinin icrasına başlanılıb Layihənin əsas hədəfi Azərbaycanda insan və heyvan sağlamlığını qorumaqdır
ASK
2 Sentyabr , 2016 19:29
Avropa İttifaqı ilə Dövlət Baytarlıq Xidmətinin birgə layihəsinin icrasına başlanılıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin inzibati binasında "Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Dəstək" Tvinninq layihəsinin açılış mərasimi keçirilib. Tədbir Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə baş tutub. 

Aİ-dən "Report"a verilən məlumata görə, Tvinninq layihəsinin əsas hədəfi Azərbaycanda insan və heyvan sağlamlığını qorumaq, kənd təsərrüfatı sektorunda iqtisadi artıma və qida təhlükəsizliyi üzrə vəziyyətin yaxşılaşdırılmasına tövhə vermək üçün Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq respublikada heyvan xəstəliklərinin, zoonozların epidemiologiyası, profilaktikası və xəstəliklərə nəzarət sahəsində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin potensialını daha da gücləndirməklə DBNX-nin imkanlarını genişləndirməkdən ibarətdir.

Açılış mərasimində Aİ-nin Azərbaycandakı səfiri və Aİ nümayəndəliyi, Fransanın və Macarıstanın Azərbaycandakı səfirlikləri, Fransız-Macar Konsorsumu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Avropa Rekonstruksiya və İnkişaf Bankı (ARİB), ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi (DTRA), Dünya Bankı ACİP layihəsi, Tvinninq layihəsinin Bakı ofisi, Maliyyə, Kənd Təsərrüfatı, Səhiyyə, İqtisadiyyat nazirlikləri, Dövlət Gömrük Komitəsi, həmçinin Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin müvafiq strukturları və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Avropa İttifaqının 1 020 min avro dəyərində maliyyələşdirdiyi Tvinninq layihəsi 2016-cı ilin 19 may tarixindən başlayıb və 2018-ci ilin may ayının 18-dək davam edəcəkdir. Layihə Kənd Təsərrüfatı Nazirliyi, Fransanın Qida, Kənd Təsərrüfatı və Kənd Əraziləri Nazirliyi, Macarıstan Milli Qida Təhlükəsizliyi Zənciri İdarəsi tərəfindən həyata keçiriləcək.

Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov da iştirak edib. Mərasimdə Aİ-nın Azərbaycandakı səfiri və Aİ nümayəndəliyinin rəhbəri Malena Mard, Fransanın Azərbaycandakı səfirinin müavini Fabien Dru-Lozinski, Macarıstanın Azərbaycandakı səfirinin müavini Dr.Laszlo Makk, Macarıstan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Lilla Egri, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən, layihənin benefisar ölkə (BM) tərəfindən rəhbəri Azər Süleymanov çıxış ediblər.

M. Mard qeyd edib ki, bu layihə regional və kənd yerlərinin inkişafı sahəsində Avropa İttifaqı ilə Azərbaycan arasında uğurlu əməkdaşlığa daha bir tövhə olacaq.

Son xəbərlər

Orphus sistemi