Rusiya 2027-ci ilə qədər Azərbaycana ev heyvanları üçün yem ixracından qazancını 2023-cü illə müqayisədə 58,3 % artıra bilər.
"Report" xəbər verir ki, bu proqnozla Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroeksport” mərkəzi çıxış edib.
Azərbaycan Rusiyada bu məhsulların ən perspektivli alıcısı olan TOP10 ölkə sırasına daxil edilib.
Ötən il Azərbaycan 14 milyon ABŞ dolları dəyərində 8,7 min ton ev heyvanları üçün yem idxal edib. Eyni zamanda, Rusiyadan 4,8 milyon ABŞ dolları dəyərində 3,3 min ton ev heyvanları üçün yem tədarük edilib.
Mərkəzin hesablamalarına görə, 2026-cı ildə Azərbaycana bu məhsulların ümumi idxalı 3,5 min ton artaraq 12,2 min tona (40,2 % çox) çata bilər. İdxalın dəyəri 4,6 milyon ABŞ dolları artaraq 18,6 milyon ABŞ dollarına (32,8 % çox) çata bilər.
Rusiyadan tədarükün 2027-ci ilə qədər 2,5 min ton artaraq 5,8 min tona (75,7 % çox) çatacağı gözlənilir. İdxalın dəyəri 2,8 milyon ABŞ dolları artaraq 7,6 milyon ABŞ dollarına (58,3 % çox) çata bilər.
“Aqroeksport” hesab edir ki, bu məhsulların Azərbaycana idxalının dəyərində Rusiyanın payı 2023-cü ildəki 38,2 %-dən 2027-ci ilə qədər 40,9 %-ə çatacaq.