Azərbaycanda bütün fındıq bağları dövlət qeydiyyatına alınıb.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə "Agrarco" MMC arasında "Azərbaycanda Fındıqçılıq Sahəsində Səmərəliliyin və Dayanıqlılığın Sürətləndirilməsi - HAZER" layihəsi çərçivəsində fəaliyyətlərə dair əməkdaşlıq və koordinasiya üzrə İcra Müqaviləsinin imzalanma mərasimində deyib.
"Bu onun üçündür ki, tədarükçü şirkətlər məhsul qəbul edəndə bilsinlər ki, o, hansı bağdandır. Fındıqçılıq Azərbaycanın strateji, ixracyönümlü sahələrdən biridir. Burada kənd təsərrüfatının digər sahələrində olduğu kimi, dünya tələblərinə cavab vermək üçün əlavə dəyər zəncirinin inkişafına ehtiyac duyulur. Kənd Təsərrüfatı Nazirliyinin FAO ilə əməkdaşlığının əsas hədəfləri mövcud çatışmazlıqları aradan qaldırmaq, fermerlərin dəstəklənməsi üçün işlər görməkdir", - deyə o, qeyd edib.