Heyvanların identifikasiya sistemi 2022-ci ildən bütün ölkə ərazisində tətbiq olunacaq

Heyvanların identifikasiya sistemi 2022-ci ildən bütün ölkə ərazisində tətbiq olunacaq Abşeron yarımadasının heyvan xəstəliklərindən azad zona elan edilməsi istiqamətində tədbirlərə başlanılıb.
ASK
31 Avqust , 2021 11:40
Heyvanların identifikasiya sistemi 2022-ci ildən bütün ölkə ərazisində tətbiq olunacaq
Qoşqar Təhməzli

Hazırda ölkəmizdə qida təhlükəsizliyi mexanizminin daha da təkmilləşdirilməsi məqsədilə Dünya Bankının layihəsi çərçivəsində hər bir heyvanın və heyvandarlıq məhsulunun “fermadan süfrəyədək” izlənilməsinə şərait yaradacaq Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) yaradılması prosesi davam etdirilir.

"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün Azərbaycanda özəl baytarlığa keçidlə bağlı keçirilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, sistemdə heyvanın keçirdiyi xəstəliklər, ona nə zaman və hansı peyvəndlərin vurulduğu, hansı baytarlıq preparatlarından istifadə edildiyi və sair barədə məlumatlar yer alacaq: "2021-ci ilin sonuna kimi HİQS-in proqram təminatının sınaqdan keçirilməsi və pilot layihə olaraq Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu ərazisində, 2022-ci ildən etibarən isə bütün ölkə ərazisində tətbiq edilməsi nəzərdə tutulub.

Pilot layihə ölkə üzrə tam tətbiq edilməyə başlandıqdan sonra burada vaksinasiya və identifikasiya işlərinin həyata keçirilməsinə özəl baytarlıq xidmətlərinin cəlb olunması nəzərdə tutulur. Layihə çərçivəsində ölkədə heyvan xəstəliklərinin azaldılması və heyvan mənşəli məhsulların ixracının asanlaşdırılması məqsədilə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələbləri nəzərə alınmaqla, artıq Abşeron yarımadasının heyvan xəstəliklərindən azad zona elan edilməsi istiqamətində tədbirlərə başlanılıb".

O əlavə edib ki, dövlət başçısı cənab İlham Əliyevin 2019-cu il 29 aprel tarixli Sərəncamı ilə təsdiq olunan və hazırda uğurla həyata keçirilməkdə olan “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması və bu sistemin ölkə ərazisində mərhələli şəkildə tətbiq edilməsi, heyvan sağlamlığı ilə bağlı risklərin idarə olunması mexanizmlərinin qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla hazırlanması nəzərdə tutulmuş, heyvan sağlamlığı sahəsində baytarlıq xidmətlərinin keyfiyyət səviyyəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması, özəl baytarlıq xidməti subyektlərinin yaradılmasının və inkişaf etdirilməsinin dəstəklənməsi Proqramın əsas istiqamətləri olaraq müəyyənləşdirilib. Bununla əlaqədar qeyd etməliyəm ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılma arealının mütəmadi monitorinqləri aparılır, seroloji sorğular keçirilir, habelə karantin rejiminin tətbiqi ilə əlaqədar heyvan təsərrüfatlarının fəaliyyətinin məhdudlaşdırılması və ya təkmilləşdirilməsi və sair işlər həyata keçirilir.

Həmçinin, Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə ölkə ərazisində aqrar sahənin davamlı inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalı, ərzaq və qida təhlükəsizliyi təminatı, epizootoloji vəziyyətdə sabitliyin qorunub saxlanılması, zoonoz xəstəliklərin yayılma intensivliyinin və arealının azaldılması istiqamətində zəruri tədbirlər görülməkdədir. Bununla yanaşı, baytarlıq sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində də mütəmadi işlər aparılır. Artıq “Baytarlıq haqqında” Qanuna müvafiq dəyişikliklər edilməsi üçün qanun layihəsi, eləcə də bir sıra yeni qanunvericilik aktlarının layihələri hazırlanmış, bəzilərinə zəruri dəyişikliklər edilmişdir".

Son xəbərlər

Orphus sistemi