Zəfər Günü – iki regionun taleyinə təsir edən hadisə

Analitika
  • 06 noyabr, 2026
  • 15:51
Zəfər Günü – iki regionun taleyinə təsir edən hadisə

Azərbaycan Xalq Cümhuriyyəti yaranandan (28 may 1918-ci il - red.), müstəqilliyi bərpa olunandan sonra respublika vətəndaşları dövlət əhəmiyyətli qələbə bayramı qeyd etməmişdi. Son altı ildə isə Azərbaycan xalqı dövlət səviyyəsində öz Zəfər Gününü qeyd edir. Bu Bayram 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatına qarşı Azərbaycanın başlatdığı, 44 gün davam etmiş əks-hücum əməliyyatının nəticəsidir.

8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir.

Noyabrın 8-də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin simvoluna çevrilmiş Şuşa şəhəri işğaldan azad edilib.

Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinn tam bərpası ilə nəticələnən həmin möhtəşəm 44 günün dünya azərbaycanlılarının ictimai, siyasi, mədəni və şəxsi həyatlarına da önəmli təsiri olub. Bu, postsovet məkanında həllini tapan yeganə münaqişədir.

Azərbaycan torpaqlarının işğalı milli azadlıq mübarizəsinə zərbə vurmaq, hərəkatı bu istiqamətdə fəaliyyətindən yayındırmaq məqsədi daşıyırdı. Onda Moskva bu yolla Azərbaycan cəmiyyətinin azadlıq uğrunda yolunu bağlamağa səy göstərirdi. Bu baxımdan, Zəfər Günü 1918-ci ildən davam etmiş Milli Azadlıq mübarizəsinin yekunu, qələbəsidir.

Bu Zəfər Azərbaycanla yanaşı, iki regionun (Cənnubi Qafqaz və Mərkəzi Asiya) inkişafı, əlaqələrin qurulması, qlobal layihələrdə iştirakı, beynəlxalq arenada siyasi fəallığına da əsaslı təsir göstərib. Ona görə də Azərbaycanın Zəfəri Cənubi Qafqazda mühüm hadisə kimi dəyərləndirilir. Bu, Azərbaycan, Gürcüstan və Ermənistan arasında münasibətlərin əsaslı şəkildə dəyişməsinə, inkişafına, yeni geosiyasi nizamın yaranmasına səbəb olub. Əvvəllər Gürcüstan Ermənistanla münasibətlərində Azərbaycanın da maraqlarını nəzərə almağa çalışırdı. Çünki o həm də Bakı ilə İrəvan arasında diplomatik vasitəçilik missiyasını icra edir. Digər tərəfdən isə Azərbaycanla birlikdə iri layihələrin iştirakçısı, tərəfdardır. Bu və başqa səbəblərdən İrəvanla Tbilisi arasında yaxınlaşmada müəyyən çəkinmələr yox deyildi.

Ötən ildən başlayaraq, Cənub Qafqazda sülh prosesi çərçivəsində Azərbaycan və Ermənistan arasında Gürcüstan vasitəsilə birbaşa ticarət və yükdaşımalar aktivləşib. Bu vəziyyətin yaranmasında Zəfər Gününün önəmi aşkar şəkildə görünür. Başqa sözlə, bu günün nəticəsindən Ermənistan iqtisadiyyatı, cəmiyyəti də faydalanır.

Ermənistanla Azərbaycan arasında normallaşma prosesi başa çatandan, sülh sazişi imzalandıqdan sonra Cənubi Qafqazda daha böyük üçtərəfli regional və qlobal layihələrin icrası da istisna olunmur.

Noyabrın 8-i hadisəsi onları bir-birinə yaxınlaşdırmaqla yanaşı, həm də Cənubi Qafqazın üç dövlətinin əməkdaşlığına da təsir göstərib.

2020-ci ildən sonra Cənubi Qafqaz ölkələri (Azərbaycan, Gürcüstan və Ermənistan) arasındakı münasibətlər fundamental şəkildə dəyişərək yeni geosiyasi nizam fazasına qədəm qoymuşdur. Bu dövr işğal faktının aradan qaldırılması, Azərbaycanın öz suverenliyini tam bərpa etməsi və regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması səyləri ilə xarakterizə olunur. Ona görə də Azərbaycanın Zəfər Günü Cənubi Qafqazda yeni şəraitin - əməkdaşlıq, sülh, əmin-amanlığın yaranmasının bünövrəsini qoyub.

Bu baxımdan, region ölkələri arasında əlaqələri üç istiqamətə ayırmaq olar: Azərbaycan-Ermənistan və Azərbaycan-Gürcüstan, Ermənistan-Gürcüstan.

Birinci iki istiqamət sülh danışıqları, delimitasiya, kommunikasiyalar, ikinci istiqamət Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın dərinləşməsi, qlobal layihələrin fəaliyyətinin davam etdiriləməsində əməkdaşlığın davam etdirilməsi, habelə Orta Dəhliz layihəsində əlaqəli fəaliyyətin gücləndirilməsidir. Gürcüstan və Ermənistan isə münasibətlərin şaxələnmiş inkişafı istiqamətində fəaliyyəti artırır, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırırlar.

Bu kimi məsələlər deməyə əsas verir ki, Zəfər Günü Cənubi Qafqazda üçtərəfli yeni münasibətlərin qurulması üçün şərait yaradıb.

Daha öncə Azərbaycan torpaqlarını işğal etdiyi üçün bir sıra ölkələr - Türkiyə, İsrail, Pakistan, Özbəkistan və başqaları Ermənistanla ya heç bir əlaqə saxlamır, ya da bunu aşağı səviyyədə həyata keçirirdilər. Zəfər Günündən sonra onlar rəsmi İrəvanla münasibətlər qurmağa, əməkdaşlığı genişləndirməyə başlayıblar.

Pakistan ötən ilin avqustunda Ermənistanı rəsmən tanıyaraq onunla diplomatik əlaqələr qurub. Bu ilin iyulunda Ermənistan, sentyabrında isə Pakistan qarşılıqlı olaraq ilk səfirlərini təyin ediblər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında 2026-cı ilin oktyabrında ikitərəfli görüş keçirilib. Daşkənd və İrəvan arasında birbaşa aviareyslər açılıb. Özbəkistanda Ermənistanın 80 müəssisəsi fəaliyyət göstərir.

İsraillə Ermənistan arasında 2026-cı ildə xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələr keçirilib. Yüksək texnologiyalar, tibb, kənd təsərrüfatı və turizm prioritet sahələr kimi nəzərdən keçirilir.

Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atılır. Ermənistan XİN-in noyabrın 5-də yaydığı açıqlamaya əsasən, iki ölkə qarşılıqlı ticarətdə birbaşa gömrük keçidinə başlayıb.

Rəsmi İrəvan ölkənin təcavüzkar konstitusiyasında dəyişiklikləri tezləşdirəcəyi halda diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması da reallaşacaq.

Dünyanın aparıcı gücləri də Zəfər Günü hadisəsindən sonra Ermənistana sərmayə qoyuluşunu artırıb. 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında "Zəngəzur yolu" (TRIPP) layihəsinin reallaşması ilə bağlı sazişin imzalanmasını örnək göstərmək olar. Bu layihənin həmmüəlliflərindən biri Azərbaycandır. Ona görə də həmin layihə ilə bağlı uğurda Zəfərin önəmi əvəzsizdir.

Noyabrın 8-i hadisəsi Mərkəzi Asiya dövlətlərinin iqtisadi, siyasi həyatına təsir göstərib. İlk növbədə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında ikitərəfli əlaqələr qurulub, inkişaf etməyə başlayıb. Gürcüstan və Ermənistan bu regionun ayrı-ayrı dövlətləri ilə ikitərəfli münasibətlər qurmağa, inkişaf etdirməyə başlayıb.

Azərbaycan da bu istiqamətlərdə əlaqələri davam etdirir. Bununla belə, o, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün üzvü olub. Azərbaycan 2027-ci ildə bu platformaya sədrlik edəcək. Növbəti Məşvərət görüşünün Bakıda keçirilməsi planlaşdırılıb.

Mərkəzi Asiya ölkələrinin Xəzər və Azərbaycan, habelə Cənubi Qafqazdan keçməklə Qərbə çıxışı təmin olunur. Başqa sözlə, Çin və ABŞ-nin də dəstəklədiyi Orta Dəhliz Cənubi Qafqazla Mərkəzi Asiyanı Azərbaycan vasitəsi ilə birləşdirir.

Prezident İlham Əliyev bu il oktyabrın 8-də Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb: "Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir".

Dövlət başçısı vurğulayıb ki, Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir.

Mərkəzi Asiya ölkələri üçün Xəzər dənizi vasitəsilə Türkiyə və Avropa bazarlarına çıxışda Azərbaycan başlıca və etibarlı tranzitdir. Yüklər Çindən Qazaxıstan limanları üzərindən Xəzər dənizinə keçir, oradan Azərbaycana çatır. Buradan isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə və ya Gürcüstanın Qara dəniz limanları vasitəsilə Avropaya nəql olunur. Bu xətt Çin-Mərkəzi Asiya -Cənubi Qafqaz – Avropanın birləşməsini göstərir. Bu fəaliyyət Zəfər Günündən sonra daha da güclənib.

Zəngəzur yolu layihəsi də Azərbaycan başda olmaqda Cənubi Qafqazın tranzit potensialını göstəricidir. Gələcəkdə Orta dəhliz və TRIPP-in Cənubi Qafqazla Mərkəzi Asiyanı bir-birinə daha da yaxınlaşdıracağı istisna deyil.

Zəfər Günü Türk Dövlətləri Təşkilatının fəaliyyətinin güclənməsinə də təkan verib. Onun adı belə Zəfər Günündən sonra - 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən 8-ci Zirvə Görüşündə dəyişdirilək Türk Dövlətləri Təşkilatı (TDT) olub (əvvəlki adı: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası - red). Bu Sammitdə "Türk Dünyasına Baxış – 2040" strateji sənədi qəbul edilib.

Zəfər Gününə aparan yol, mübarizə və nəticə münaqişələrin mənasız, faydasız olduğunu isbatlayıb. Bu gündən öncə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasındakı münasibətlərə, əməkdaşlığa, əlaqələrə diqqət yetirmək onun əhəmiyyəti və mahiyyətini qiymətləndirməyə kifayət edir.

Zəfər Günü regionda qarışıqlıq yaradaraq münaqişəni qızışdıranlara da dərs verdi, belə hegemonluğu ifşa etdi.

Azərbaycan Silahlı Qüvvələrinin, xalqın birlik və bərabərliyi, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Zəfərin regional və qlobal əhəmiyyəti zaman keçdikcə daha aydın görünəcək. Odur ki, bu Günü Cənubi Qafqazla Mərkəzi Asiya arasında əlaqələrin qurulması üçün başlanğıc da saymaq olar.

Bundan faydalananlar, Zəfər gününüz, Zəfər günümüz mübarək!

44 filmi