Yuxarı

“Yüksəliş” müsabiqəsi nə üçün keçiriləcək? - RƏYLƏR

“Yüksəliş” müsabiqəsi nə üçün keçiriləcək? - RƏYLƏR

Prezident İlham Əliyevin sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədi ilə “Yüksəliş” müsabiqəsi təsis edilib.

“Yüksəliş” müsabiqəsinin təsis edilməsinin üstünlüklərini "Report"a şərh edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, sərəncam müstəqil Azərbaycan dövlətinin gələcək taleyüklü məsələlərini həll edəcək yeni nəslin, kadr potensialının hazırlanması istiqamətində tam fərqli düşüncə və yanaşmadır.

İsa Həbibbəyli

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli

Azərbaycan tarixində ilk dəfədir ki, kadr potensialını artırmaq üçün intellektualların müəyyən edilməsi müsabiqəsi təşkil olunacaq

Onun sözlərinə görə, Azərbaycan tarixində ilk dəfədir ki, kadr potensialını artırmaq üçün intellektualların müəyyən edilməsi müsabiqəsi təşkil olunacaq: “Bu, gələcəkdə Azərbaycan dövlətinin bütün sahələr üzrə inkişaf etdirilməsinə göstərilən Prezident qayğısının səlis ifadəsidir. Komissiyanın tərkibində yer alanların çoxu elm və təhsil sahəsində çalışan, hətta alimlik dərəcəsi alan intellektual şəxslərdən ibarətdir. İnanıram ki, müsabiqə komissiyası öz təcrübələrinə əsaslanaraq ölkəmiz üçün faydalı olacaq kadrları, mütəxəssisləri müəyyənləşdirə biləcəklər. Bu, Azərbaycanın sabahı qarşısında dövlətimizin bir məsuliyyətli vəzifəsidir”.

“Komissiyanın tərkibində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin də olmasından çıxış edərək belə düşünürəm ki, intellektualların müəyyən edilməsində yəqin ki, sınaq imtahanları da nəzərdə tutulacaq. Ehtimal edirəm ki, burada intellektual oyunlardan da istifadə oluna bilər. Bütün hallarda bu, faydalı işdir. Odur ki, sərəncam Azərbaycanın daha böyük cəhdlərdə inkişaf etdirilməsinə hesablanmış mühüm əhəmiyyətə malik addımdır” - deyə, komitə sədri İsa Həbibbəyli əlavə edib.

İqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Mühasibat fakültəsinin dekanı Gəray Musayevə görə, “Yüksəliş” müsabiqəsinin təsis edilməsi kadr islahatlarında yeni bir mərhələnin başladığını deməyə əsas verir: “Son 15 illik dövrdə Azərbaycanın iqtisadiyyatındakı inkişaf cəmiyyətin bütün sahələrində özünü göstərir. Bu inkişafın dayanıqlılığının təmin olunması resurslardan düzgün və səmərəli istifadə olunması ilə yanaşı, idarəetmə sisteminin də yaxşılaşdırılmasından asılıdır. Məsuliyyətlilik, hesabatlılıq və peşəkarlıq kimi keyfiyyətləri özündə birləşdirən yaxşı idarəetmə sistemi, şübhəsiz yeni nəsil idarəçilərin həm yetişdirilməsi, həm müəyyənləşdirilməsi, həm də seçimini zəruri edir. Bu baxımdan, hesab edirəm ki, “Yüksəliş” müsabiqəsinin təsis edilməsi qeyd olunan istiqamətdə zərurətlərin qarşılanması istiqamətində atılmış önəmli bir addımdır”.

Gəray Musayev

İqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Mühasibat fakültəsinin dekanı Gəray Musayev

“Burada idarəçilik bacarığı və bilikləri əsas amil kimi çıxış edir”.

“Müasir dövrün yeni idarəetmə anlayışında hər hansı bir sahədə uzun illər işləmək, o sahədə texniki biliklərə malik olmaq rəhbər vəzifə tutmaq, idarəetmə sahəsində yüksəlmək üçün həlledici amil kimi qəbul olunmur. Burada idarəçilik bacarığı və bilikləri əsas amil kimi çıxış edir. İdarəçilik bacarığı və biliklərinə malik bu kadrlar arasından “şəffaflıq”, “layiqlik” və “bərabər hüquqluq” prinsipləri əsasında müsabiqə ilə perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və kadr ehtiyatı bankının yaradılması şübhəsiz kadr islahatlarında yeni bir mərhələnin başladığını deməyə əsas verir”, - G.Musayev vurğulayıb.  

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov

Gələcəkdə həyata keçirilən hər hansı bir kadr islahatı zamanı birbaşa seçilmiş və ehtiyatda olan kadrlardan istifadə olunacaq

Təhsil eksperti Kamran Əsədov isə "Report"a bildirib ki, adıçəkilən müsabiqənin təsis edilməsi ilə gələcəkdə həyata keçirilən hər hansı bir kadr islahatı zamanı birbaşa seçilmiş və ehtiyatda olan kadrlardan istifadə olunacaq: “Bu da kadr təyinatlarında mobilliyi, peşəkarlığı artıracaq. İdarəçilik məsələsində kadr bankı yaradılarkən yalnız hazırda ölkədə yaşayan intellektual şəxsləri yox, eləcə də dünyanın hər yerində yaşayan və çalışan, fərqlənən soydaşlarımızı da bu kadrlar sırasına daxil etməliyik. Azərbaycanda həyata keçirilən kadr islahatları, xüsusən də son dövrlər bir sıra nazirliklərə və qurumlara yeni nazirlərin, rəhbərlərin gətirilməsi göstərir ki, artıq Azərbaycanda bu işə başlanılıb. Əminəm ki, idarəçilik məsələsində kadr bankı yaradılması gənc kadrların sürətlə vəzifəyə təyin olunmasına və vəzifədə yüksəlməsinə gətirib çıxaracaq və bundan sonra “Yüksəliş” müsabiqəsi həyata keçirildikdən sonra daha bacarıqlı, intellektli, haqqı olan və güclü kadrların dövlətin idarəedilməsində iştirakının şahidi olacağıq”.

Aydın Mirzəzadə

Milli Məclisin deputatı Aydın Mirzəzadə

Azərbaycan özündə olan təcrübəni ümumiləşdirərək müsbət xarici təcrübədən ən yaxşı nümunələri götürərək öz milli sistemini yaradır. 

Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğulayıb ki, dünyanın bir çox ölkələrində kadr ehtiyatı sistemi var: “Azərbaycan özündə olan təcrübəni ümumiləşdirərək müsbət xarici təcrübədən ən yaxşı nümunələri götürərək öz milli sistemini yaradır. Ölkəmiz inkişaf etdikcə idarəetmə kadrlarına olan tələbat da yüksəlir. Bu baxımdan bir tərəfdən istedadlı gənclərin potensialından istifadə etmək, digər tərəfdən isə kadr məsələsində şəffaflığı artırmaq üçün “Yüksəliş” müsabiqəsi tətbiq ediləcək. Müsabiqənin detalları dəqiqləşdirilir, ancaq gənc nəslə artıq onları həvəsləndirən, onların biliyinə, enerjisinə ehtiyac olduğunu bildirən bir mesaj verilir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi