Yeraltı yataqların istifadəyə verilməsinə dair yeni mexanizm tətbiq olunur

Yeraltı yataqların istifadəyə verilməsinə dair yeni mexanizm tətbiq olunur "Bu yaxınlarda ölkədə yeraltı yataqların (strateji əhəmiyyət daşıyanlar istisna olmaq şərtilə) hərrac yolu ilə istifadəyə verilməsi qaydası tətbiq olundu"
Analitika
1 Mart , 2021 14:54
Yeraltı yataqların istifadəyə verilməsinə dair yeni mexanizm tətbiq olunur

Bu yaxınlarda ölkədə yeraltı yataqların (strateji əhəmiyyət daşıyanlar istisna olmaq şərtilə) hərrac yolu ilə istifadəyə verilməsi qaydası tətbiq olundu. İndiyədək bütün növ yeraltı sərvətlərin istismarına dair müqavilələr, o cümlədən məhsul paylaşma müqavilələri (PSA – Production Sharing Agreement) bilavasitə hökumətlə ərizəçi şirkət arasında danışıqlar nəticəsində imzalanırdı. Görəsən, yeraltı sərvətlərdən istifadə qaydasının bu cür sadələşdirilməsi dövlətin bu sahəyə nəzarətinin zəifləməsinə gətirib çıxarmazmı?

İdarəçilik sadələşdirilir

İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə açıqlamasında göstərildiyi kimi, bu barədə İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Sərvətlərindən İstifadə Agentliyi arasında razılaşma əldə edilib.

Yeni qaydanın başlıca məqsədi kimi bölgələrdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətcil iqtisadi mühitin genişləndirilməsi, təbii sərvətlərin səmərəli istifadəsi və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılması göstərilir. Əslində bu addım hasilat sənayesinə sərmayədarları cəlb edərək onlar üçün bir növ vahid pəncərə sistemi yaratmağa, bununla da hasilat sənayesində çalışmaq istəyənləri bürokratik maneələrindən xilas etməyə kömək olmalıdır.

Bu cür mexanizm xarici ölkələrdə də geniş intişar tapıb, o cümlədən bir çox qonşularımız onu ya tətbiq edib, ya da etməyin astanasındadır. Məsələn, düz bir il əvvəl Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi “Sahibkarlara 100 sərmayə təklifi” layihəsinə yeraltı sərvətlərin istismarına dair lisenziyaların hərracla verilməsi qaydasını da daxil edib. Ötən ilin sonunda isə Rusiyada yeraltı sərvətlərdən istifadəsinə dair lisenziyaların elektron hərracla verilməsinə dair qərar çıxarıldı.

Bizdə isə “Yerin təki haqqında” qanun yeraltı sərvətlərin hasilatına dair lisenziyanın müvafiq müsabiqə və ya hərrac vasitəsilə əldə edəcəyi çoxdandır təsbit olunsa da, bunun mexanizmi yaradılmamışdı. 2018-ci ildə prezident İlham Əliyev “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” fərman imzalayıb. Həmin fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində yaradılmış Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi bu hərrac qaydasının tətbiqilə bağlı təşəbbüs irəli sürüb.

Bir, iki, üç... satıldı!

Yeni mexanizmin məğzi nədən ibarətdir? Dövlət Mineral Xammal Sərvətlərindən İstifadə Agentliyi nəzdindəki müvafiq ekspert qrupu Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş yataqlar siyahısına əsasən hərracla bağlı təklif hazırlayaraq Hərracların Təşkili üzrə Auksion Mərkəzinə təqdim edir. Mərkəz də hərrac tarixindən 30 gün əvvəl KİV-də bu barədə elan dərc etdirir və elan dərc etdirdikdən sonra 31-ci gün hərrac keçirilir. Hərracın qalibinə lazımi sənədlər təqdim olunduqdan sonra lisenziyada göstərilən ərazidə mədən hasilat işlərinə başlaya bilər.

Qeyd edək ki, bu sahədə şəffaflığın artması və rəqabətə rəvac verilməsi heç də yataqların istismarına dövlət nəzarətinin zəifləməsi demək deyil. Əksinə, yeni mexanizmin müəliflərinə görə, hərrac təkliflərində ətraf mühitə mənfi təsiri minimuma endirmək üçün yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetiriləcək.

Bu cür hərraclar yaxın vaxtlarda keçiriləcəkmi? Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İdarə Heyətinin sədri Samir Qurbanov bildirib ki, hərracla istismara veriləcək yataqların ilkin siyahısı artıq hazırdır. Belə ki, ilkin olaraq Ağcabədi, Beyləqan, Goranboy, Göygöl, Qazax, Tovuz rayonlarında yerləşən yataqların hərrac qaydasında istifadəyə verilməsi nəzərdə tutulur: “Hazırda seçilmiş yataqlarda bəzi təfsilatların dəqiqləşdirilməsi aparılır ki, daha sonra onların dəqiq yerləşməsi, ehtiyatların miqdarı və s. ilə bağlı ətraflı məlumat yerləşdiriləcək”.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə mövcud olan yataqlar da diqqət mərkəzindədir. Müvafiq qurumlar tərəfindən vəziyyətləri öyrənilir, ehtiyatları dəyərləndirilir, işğalçılar və qanunsuz olaraq hasilat işləri aparmış şirkətllər tərəfindən yetirilmiş ziyanın miqdarı araşdırılır. Bu işlər təbii ki, xeyli vaxt aparacaq, sonra isə həmin yataqlar da hərraca çıxarılacaq.

Hərraclarda xarici şirkətlərin və ya əcnəbi iş adamlarının da iştirak edib-etməyəcəyinə gəlincə, S.Qurbanov bu hərraclarda yalnız Azərbaycan rezidenti olan hüquqi və fiziki şəxslərin iştirak edəcəyini qeyd edib: “Bu prosesi təkmilləşdirmək üçün sonradan onu bütövlükdə elektron fomata keçirməyi düşünürük”.

Beləliklə, Azərbaycanda sərmayə mühitinin daha da təkmilləşdirilməsi, yerli sahibkarların da yenilikçi formata cəlb edilməsi istiqamətində daha bir mühüm addım atılır.

Qulu Nuruyev, ekspert

Son xəbərlər

Orphus sistemi