Yuxarı

​Vyana görüşünün nəticəsi: Dağlıq Qarabağ bir müddət də işğal altında qalacaq - ŞƏRH

Vyana görüşü Ermənistana və Rusiyaya daha çox lazım idi

Bakı. 17 may. REPORT.AZ/ ABŞ və Rusiyanın səyləri, ATƏT-in Minsk qrupunun təşkilatçılığı ilə Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan rəhbəri Serj Sarqsyan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı növbəti görüş keçirildi.

Bu toplantı atəşkəslə bağlı Bişkek protokolunun imzalanmasının 22-ci ilinə təsadüf edir. Qeyd edək ki, 1994-cü il mayın 5-də Bişkekdə atəşkəs rejiminə dair protokol imzalanıb, həmin il mayın 12-də atəşkəs elan olunub.

Görüşlə bağlı məlumatlandırmadan əvvəl bir cümlə ilə onu ifadə edək ki, Berndə keçirilən toplantı kimi, bu görüş də Azərbaycan torpaqlarını işğaldan azad etmədi. Çünki bu sayaq tədbirlərə Azərbaycan tərəfi bir qayda olaraq bir təkliflə gedir: "Bütün beynəlxalq, hüquqi, tarixi sənədlərə əsasən, torpaqlarımız işğaldan azad olunmalıdır".

Ancaq təəssüf ki, nəticələr daha çox mövcud vəziyyətin saxlanılmasına xidmət edir. Bu isə təbii ki, işğalçının və havadarının xeyrinə olur.

Elə görüşün yekunlarına həsr edilən bəyanatda da vurğulanan bəzi nüanslar bunu təsdiqləyir:

- Tərəflər münaqişənin hərbi yolla həllinin mümkün olmadığını təsdiq ediblər;

- Həmsədrlər 1994 və 1995-ci illərdə əldə olunan atəşkəs sazişlərinə əməl olunmasının vacibliyinə təkid ediblər;

- Prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər;

- Tərəflər bundan sonrakı zorakılıq risklərini azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırmaçı mexanizmləri üzərində işi başa çatdırmaq barədə razılığa gəliblər;

- Dövlət başçıları eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsi barədə razılaşıblar;

- Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşən şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə ediblər;

- Prezidentlər hərtərəfli nizamlanmaya dair müzakirələrin bərpası məqsədilə danışıqların davam etdirilməsi üçün iyunda növbəti görüşün vaxtını və yerini müəyyən etmək barədə razılığa gəliblər.

Görüş KİV üçün qapalı keçsə də, xarici informasiya vasitələri bəzi məlumatlar əldə edə biliblər. "Associated Press"in məlumatına görə, görüşdə Ermənistan və Azərbaycana təmas xətti boyunca kameraların yerləşdirilməsi, atəşkəsin pozulması hallarının qeydə alınması və müşahidəçilərin sayının artırılması təklif olunub. Danışıqlar məxfi xarakterli olduğundan, rəsmilər bu məlumatı anonim şəkildə veriblər. ABŞ rəsmiləri son toqquşmalarda ağır texnikadan istifadə edilməsindən narahatlığını xüsusi olaraq vurğulayıblar.

Bəyanatdan da göründüyü kimi, ABŞ, Rusiya və Fransa daha çox Azərbaycanın işğal altında olan torpaqlarını hərbi yolla azad etməsinə qarşı olublar. Bunun qarşılığında isə münaqişənin danışıqlar yolu ilə həlli adı altında Azərbaycana "təsəlli və ümidlər verməyə" çalışıblar.

Amma ermənilərin işğal etdikləri torpaqların azad olunması məsələsi bəyanatda ayrıca qeyd olunmayıb. Eyni zamanda, işğala son verilməsi ilə bağlı hər hansı nəticəyə nail olunub-olunmamasına dair heç nə yazılmayıb. Bundan başqa, təmas xəttində müşahidəçilərin sayının artırılması normal qəbul edilsə də, həmin ərazilərdə kameraların yerləşdirilməsi təklifi ciddi suallar doğurur, adamın dalağı sancır. Bu, müəyyən mənada adama sərhəd dirəklərini də xatırladır.

Münaqişənin mərhələli həlli prosesi isə 21 ildir uzadılır. Bəyanatda mərhələli həll variantının vurğulanması yeganə uğurlu hal sayıla bilər.

Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq məsələsinə gəldikdə isə bu təşkilat 2014-cü ilin iyulunda Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda öz yurd-yuvalarını ziyarət edən zaman Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi istiqamətində heç bir ciddi addım atmayıb.

Halbuki, Azərbaycan və Ermənistan prezidentləri bu məsələyə dair razılıqlarını hələ 2014-cü ilin oktyabrında Parisdə keçirilən görüş zamanı bildiriblər. Ancaq bu razılaşmadan 1 il 7 ay keçməsinə baxmayaraq, erməni tərəfi 2 ilə yaxındır adları çəkilən azərbaycanlıları girov saxlayır.

Görüşdə iştirak edən, vasitəçi rolunda çıxış edənlərin əcaib bəyanatları da təəssüfləndiricidir. Həmin rəsmilər öz acıqlarını Türkiyədən çıxmağı da unutmayıblar. Rusiyanın Ermənistanı müdafiə etdiyini vurğulayanlar öz aləmlərində tarazlıq yaratmaq naminə Türkiyənin də Azərbaycanı müdafiə etdiyini söyləyirlər. Güya potensial baxımından bu vəziyyət münaqişəni daha da "təhlükəli edir". Başqa sözlə, vasitəçilər tərəflər arasında yenə bərabərlik işarəsi qoyurlar. Əslində, onlar tərəflər arasında belə bərabərlik işarəsi ilə Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu unudur, yaxud unutdurmaq istəyirlər. Onlar hesab edir ki, guya Dağlıq Qarabağa münasibətdə Azərbaycan və Ermənistanın haqqı, iddiası eyni dərəcədədir. Bu məqamda Azərbaycan ərazilərinin işğal olunduğunu unudurlar.

Vyana görüşü Ermənistana və Rusiyaya daha çox lazım idi. Çünki ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından çıxmaması və vəziyyətin bu şəkildə qalması onları qane edir. Düzdür, Rusiya rəsmiləri də status-kvonun saxlanılması əleyhinə bəyanatlar verirlər, amma gerçəklik bunun əksini sübuta yetirməkdədir.

Ermənilər Vyana görüşünə "zəif təzyiq" taktikası ilə getdiklərini iddia edirlər. Ona görə də hesab etmək olar ki, mayın 13-də Yerevanda xarici işlər və müdafiə nazirlərinin istefası tələbi ilə keçirilən etiraz aksiyası da bunun tərkib hissəsidir. Çünki həmin aksiyada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri Xaçaturyan, onun müavini Aykaz Baqmanyanın istefası tələbi ilə yanaşı, Dağlıq Qarabağla bağlı status-kvonun saxlanması, "bitişik rayonlar da daxil olmaqla, ərazi güzəştinə gedilməməsi" kimi tələblər irəli sürülmüşdü.

Bununla rəsmi Yerevan həm Rusiyaya, həm də Dağlıq Qarabağ məsələsinin həllində vasitəçilik edən başqa dövlətlərə "zəif təzyiq" göstərib, guya erməni ictimaiyyətinin etirazını nümayiş etdirməyə çalışıb.

Hətta "Eurovision" yarışmasında da Rusiya Ermənistan nümayəndəsinə 12 bal, ermənilər isə rus təmsilçiyə 3 bal, fransalı müğənniyə 12 bal verməklə Moskvadan küsdüklərini göstərməyə çalışırdılar. 

ABŞ-ı təmsil edən diplomatlar münaqişənin həll olunmasının mümkünlüyünü vurğulayıblar. Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi əlavə edib ki, Suriya münaqişəsindən fərqli olaraq, Qarabağ məsələsində Moskva və Vaşinqton arasında fikir ixtilafı yoxdur.

O zaman belə bir təbii sual ortaya çıxır: Niyə Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmır? Onda belə təəssürat yaranır ki, ABŞ bu məsələdə daha çox Rusiyanın mövqeyinə üstünlük verir. Həmin mövqeyə üstünlük isə torpaqların işğalda qalması müddətinin uzadılması deməkdir. Ona görə də işğal davam edir.

Görüşdən əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, Rusiya XİN başçısı Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında keçiriləcək görüşün əsas mövzusu Suriya və Dağlıq Qarabağ, eyni zamanda Ukraynadakı vəziyyət, eləcə də ABŞ-Rusiya ikitərəfli münasibətləri olacaq. 

Odur ki, Vyana görüşündə Kerri ilə Lavrovun iştirakı yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olmayıb. Elə ona görə də yekun sənəd bəyanatdan ibarət olub. Bu sənəddə göstərilənlərin icrası isə tərəflər üçün məcburi deyil. Ona görə də Ermənistanın işğalçılığının ömrü bir müddət də uzadılıb.

Nəhayət, ABŞ-la Rusiya bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməsə də, başqalarını öz nüfuz dairəsinə salmaq məsələsində münasibətləri münaqişə halındadır. Onlar bu iddialarından doğan Suriya, Misir, Yəmən, İraq, Ukrayna, Gürcüstan, Moldovada münaqişələri həll edə bilməyiblər.

Münasibətlərini tənzimləyə bilməyən, ona görə də qeyd etdiyimiz ərazilərdə münaqişə ocaqlarını söndürə biməyən, işğal faktları, separatçılıqla barışan vasitəçilərin Dağlıq Qarabağın işğaldan azad ediləcəyinə töhfə verəcəyi ağlabatan görünmür.

Azərbaycan isə Dağlıq Qarabağ məsələsində Qərbə, yaxud Rusiyaya üstünlük vermək xəttini tutmayıb. Rəsmi Bakının mövqeyini fərqləndirən əsas cəhət də budur. Azərbaycan vasitəçiləri ədalətli olmağa çağırır və ədalətlinin cərgəsində durmağa üstünlük verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi