“Uoterqeyt”dən 45 il ötür: Niksonun istefası, “Trampqeyt”, yaxud “Trampget”ə doğru - ŞƏRH

“Uoterqeyt”dən 45 il ötür: Niksonun istefası, “Trampqeyt”, yaxud “Trampget”ə doğru - ŞƏRH Nikson səlahiyyətlərindən sui-istifadəyə görə ittiham olunsa da, Donald Trampın məsələsi daha çətin və qəlizdir
Analitika
16 İyun , 2017 14:45
“Uoterqeyt”dən 45 il ötür: Niksonun istefası, “Trampqeyt”, yaxud “Trampget”ə doğru - ŞƏRH

Bakı. 16 iyun. REPORT.AZ/ ABŞ güclü və qüdrətli olduğunu bir daha şouya oxşar şəkildə təqdim etməkdədir. İyunun 20-də ölkənin 45-ci prezidenti Donald Trampın hakimiyyətə gəlməsinin 5 ayı tamam olur. Onun prezidentlik müddətinin başa çatmasına isə 3 il 7 ay qalır. Ötən 5 ayda D.Trampa qarşı çoxsaylı etirazlar olunub, ittihamlar irəli sürülüb və bunların davam edəcəyi də istisna olunmur.

Tramp isə müqavimət göstərməkdədir. Hər iki tərəf - həm prezident, həm də ittihamçılar qanunun aliliyinə söykənərək bunu çox səliqəli şəkildə davam etdirirlər. Başqa sözlə, Trampı devirmək üçün çoxsaylı etirazçının iştirakı ilə aksiya keçirilmir. Küçələrdə “Trampa istefa!” şüarları azından hələlik səslənmir. Nəhayət, ona qarşı silahlı müxalifət formalaşdırılmır. Bəs nə edilir? Komissiyalar yaradılır, prokurorlar araşdırma aparırlar.

Lap 45 il əvvəl baş vermiş “Uoterqeyt qalmaqalı” (ingiliscə “Watergate scandal”) hadisəsində olduğu kimi. Bu sözün hərfi mənası “Suqapısı” deməkdir. Ancaq hadisə eyniadlı mehmanxanada baş verdiyindən tarixə “Uoterqeyt” siyasi qalmaqalı kimi düşüb.

Xatırladaq ki, 1972-ci il iyunun 17-də ABŞ-ın 37-ci respublikaçı prezidenti Riçard Niksona qarşı etimadsızlıq göstərilməsi təklifi irəli sürülmüşdü. Həmin gün Demokratlar Partiyasının Vaşinqtondakı məşhur “Uotergeyt“ otelində yerləşən qərargahında danışıqları dinləmək məqsədi ilə oraya dinləmə cihazları yerləşdirmək istəyən beş nəfər tutulmuşdu. Sonra istintaq işləri başlanılıb. Araşdırmalar zamanı həmin şəxslərin Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları olduğu və bu məsələnin arxasında hakimiyyətdə olan Respublikaçılar Partiyasının dayandığı üzə çıxmışdı.

Demokratlar Partiyasının mərkəzi qərargahının dinlənildiyi faktı ortada idi və bu işdə izn birbaşa Ağ Evə getdiyi şübhə doğurmurdu. Bu isə Nikson administrasiyası üçün xoşagəlməz sürpriz olmuşdu. Niksonun mətbuat katibi Ron Ziqler baş verən hadisəni üçüncü dərəcəli və ciddi əhəmiyyət daşımayan bir olay kimi dəyərləndirirdi. Hadisə prezident seçkisi ərəfəsində baş vermişdi. Nikson administrasiyasının üzvləri seçkilərdə onları hörmətdən salmaq üçün bu cəhdlərə baş vurulduğunu bəyan edərək özlərinə haqq qazandırmağa çalışırdılar.

1974-cü il iyulun 27-də Senatın Ədliyyə Komitəsi 27 lehinə, 11 əleyhinə olmaqla, “haqq və ədalətin bərpasına mane olmaq cəhdlərinə görə” Niksona qarşı ilk ittiham irəli sürdü. Həmin il iyulun 29-30-da keçirilən iclaslarda prezident vəzifəsindən sui-istifadə etməkdə və Konqresə qarşı hörmətsizlik göstərməkdə günahlandırıldı.

O, ikinci dövr seçkidə qalib gələrək yenidən prezident kimi and içsə də, 1974-cü il avqustun 8-də istefa verdiyini açıqladı. Nikson bununla da ölkəsinin tarixində ilk dəfə prezidentlik müddəti başa çatmadan istefa verən dövlət başçısı kimi də tarixə düşüb.

Prezidentliyinin ilk 4 ilində həqiqətən də Nikson ölkə əhalisinə verdiyi vədləri qismən yerinə yetirmiş, Vyetnamdan qoşunların çıxarılması istiqamətində müəyyən addımlar atmış və bu müharibəni tədricən başa çatdıracağını nümayiş etdirmişdi. Xarici siyasət sahəsində özünü qatı antikommunist kimi aparan Nikson beynəlxalq aləmdə gərginliyin zəiflədilməsinə və qarşıdurmanın yumşaldılmasına xidmət işlər görmüş, SSRİ-yə səfər etməklə ilk addımlardan birini atmışdı və s. Bu, Niksonun ABŞ qarşısındakı xidmətlərinin çox az bir hissəsidir.

İstefanı Niksonun günahını boynuna alması kimi dəyərləndirirdilər. Ancaq o, ömrünün sonuna kimi günahsız olduğunu sübuta yetirməyə çalışdı. Nikson heç vaxt açıq şəkildə demədi ki, baş verən hadisələrdə günahkardır.

Donald Trampa qarşı ittihamlar da günü-gündən genişlənməkdədir. 

ABŞ-ın qanunverici orqanlarında müxalif Demokratlar Partiyasını təmsil edən 196 konqresmen və senator prezident D.Trampla bağlı Federal Məhkəməyə şikayət edib. Onlar Trampı xarici hökumətlərdən maliyyə yardımı almaqda günahlandırırlar.

Bir neçə gün əvvəl Vaşinqton və Merilend ştatlarının baş prokurorları D.Trampı dövlət başçısı vəzifəsinin icrasına başladıqdan sonra bizneslə məşğul olmaqda ittiham ediblər. Baş prokurorlar ABŞ prezidentinin konstitusiyanı pozması ehtimalı əsasında məhkəməyə müraciət etməyə hazırlaşırlar. Onlar D.Trampı xarici dövlətlərdən milyonlarla dollar vəsait almaqda ittiham edirlər. Baş prokurorlar iddia edirlər ki, D.Tramp ardıcıl olaraq şirkətinin maliyyə hesabatını yoxlayır: “Prezident öz işgüzar maraqlarından çəkilməyərək lazımi addımı atmadığından biz cinayət işi açmışıq” .

Şikayət təmin olunduğu halda ABŞ prezidenti xarici biznes sövdələşmələrinin miqyasını təyin etmək məqsədi ilə öz vergi bəyannaməsini məhkəmə araşdırması çərçivəsində açıqlamalıdır.

Bir müddət əvvəl vəkilləri D.Trampın vergi bəyannaməsində Rusiya izinin mövcud olmadığını bildirmişdi.

“Rusiya işi üzrə” ABŞ-ın xüsusi prokuroru Robert Müller Trampın kürəkəni və müşaviri Cared Kuşnerin ticarət əlaqələrini araşdırır. Onun Rusiya ilə maliyyə sövdələşmələrinə dair sənədlər araşdırılacaq.

Nikson səlahiyyətlərindən sui-istifadəyə görə ittiham olunsa da, Donald Trampın məsələsi daha çətin və qəlizdir. O, Rusiya əlaqələrinə görə az qala ABŞ-ın təhlükəsizliyinə və milli maraqlarına xələl yetirməkdə şübhəli bilinir.

Çünki onun Rusiyaya qarşı sanksiyaları yumşaldacağı və əlaqələri inkişaf etdirəcəyi ilə bağlı vədlər verdiyi söylənilir.

Ancaq ötən gün ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və İrana qarşı təzyiqlərin artırılması barədə qanun layihəsini qəbul etməklə prezidentin bu istiqamətdə ehtimal edilən fəaliyyətinin qarşısını alıb.

Həmin qanun layihəsi ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dövründə hazırlanıb və Ukraynanın şərqindəki münaqişə, Rusiyanın Krımı ihlaq etməsi ilə bağlı sanksiyaların qanunvericilik səviyyəsində möhkəmləndirilməsini nəzərdə tutur. Qanun layihəsinə həmçinin Amerikanın siyasi institutlarına kiberhücumlarda şübhəli bilinən Rusiya vətəndaşlarına qarşı tətbiq edilmiş sanksiyalar da daxildir. Sənəddə eləcə də qeyd edilib ki, ABŞ prezidenti Donald Tramp Konqresin razılığı olmadan sanksiyaları zəiflədə bilməz.

Beləliklə, 45 ildən sonra ABŞ yeni bir siyasi qalmaqal yaşayır. Niksona qarşı qaldırılan iddialar iki il sonra öz nəticəsini verdi. O, prezidentlikdən istefa verməyə məcbur edildi. Trampa qarşı ittihamlar isə seçkiqabağı təbliğat kampaniyasından, yəni təxminən 2016-cı ilin sentyabrından irəli sürülür. Onun Rusiyaya ilə əlaqələri aşardırılır. O, prezident seçkisində qalib gəlməsəydi, vəziyyəti fərqli ola bilərdi. ABŞ-da Konstitusiya ilə prezidentin toxunulmazlıq hüququ yoxdur. Bununla belə o, seçildiyi üçün adi vətəndaşlardan fəqrlənir. Bu mənada toxunulmazlığı və ölkənin nüfuzu Trampa qarşı daha sərt addımların atılmasına imkan vermir.

Bütün hallarda ABŞ-ın 45-ci prezidentinə qarşı irəli sürülən ittihamlar və onun özünümüdafiəsində şəffaflığın təmin edildiyi istisna edilmir. Bu, həm də ölkənin özünəgüvəninin göstəricisidir. Odur ki, dünyada bu hadisə maraqla izlənilməkdədir. Dünyada ədalət, demokratiya, qanunun aliliyinin carçısı sayılan, təkqütblü dünyaya başlıq edən ABŞ-da yeni “qeyt”, “Trampqeyt”, “Trampget” baş verəcəkmi?! Bunun nə vaxt baş verəcəyini dəqiq demək mümkün olmasa da, D.Trampın birinci prezidentlik (o ikinci dəfə də bu postu tutmaq uğrunda mübarizə aparacağını bildirib) müddətini başa vurmasının çox çətin olacağı istisna edilmir.  

Son xəbərlər

Orphus sistemi