Türkiyədə PKK-çı deputatların həbsi - dövlət öz bütövlüyünü qoruyur - ŞƏRH

Türkiyədə PKK-çı deputatların həbsi - dövlət öz bütövlüyünü qoruyur - ŞƏRH Bölgədə baş verənlər, dövlətlərin dağıdılması cəhdləri gizli yolla gedən dünya savaşının göstəricisidir və kürdlərdən bacarıqla istifadə edirlər
Analitika
4 Noyabr , 2016 15:13
Türkiyədə PKK-çı deputatların həbsi - dövlət öz bütövlüyünü qoruyur - ŞƏRH

Bakı. 4 noyabr. REPORT.AZ/ Müasir dünyada bir sıra hadisələr nəzərə alınmasa da, BMT kimi beynəlxalq hüquq da mövcuddur. BMT və beynəlxalq hüquq dövlətlərin ərazi bütövlüyü məsələsinə sadiqdir. Yoxsa ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və başqa bu sayaq çoxetnoslu dövlətlər küçələrədək parçalanardı. Deməli, bu parçalanmanın qarşısını almaq üçün insanlar Yer planetində qurduqları dünya adlı məkanda bir-biri ilə münasibətləri qanunlarla tənzimləyirlər. Bunun da nisbi olduğunu və qanunların da insanlar tərəfindən yazıldığını nəzərə alsaq, qanunların da dəyişdirilməsinin mümkünlüyü ortaya çıxar. 

Beləliklə, insanlar aralarındakı mümkün problemləri həll etmək üçün dialoq və razılaşma yoluna üstünlük verməlidirlər. Bir sıra hallarda bu anlaşılmazlığın güc yolu ilə həllinə çalışmaq hər iki tərəfə ziyan vurur. Bu məsələdə vəziyyəti qarışdıranların da rolu az deyil. Nəticə isə həmişə onların xeyrinə olur.

BMT və beynəlxalq hüquqla mövcud olan iki dövlətin - İraq və Suriyanın ərazi bütövlüyü son bir neçə ildə dünyanın gözü qarşısında parçalanıb, həmin dövlətlərin gələcəkdə mövcudluğu şübhə altındadır. Fikrimizcə, burada dövləti idarə edənlərin hikkə və iddiaları da əsas rol oynayıb. Bundan isə kənar qüvvələr öz maraqları və mənfəətlərini təmin etmək üçün istifadə edirlər. Axı, doğma torpaqlarından, isti evindən qovulanlar onların vətəndaşları deyil.

“Ərəb baharı” adlanan və tez bir zamanda da xəzana dönən uydurma proses Afrikanın şimalından Azərbaycanın qonşuluğunda yerləşən dövlətlərə qədər gəlib çatıb. Ərazi bütövlüyü parçalanmış və dövlətçiliyi yox olmaqla üz-üzə qalan Suriya və İraqdan sonra növbədə Türkiyə və İranın olduğu hər kəsə gün kimi aydındır.

Bu dövlətləri də silah və güc yolu ilə parçalayıb dağıtmağa çalışırlar. Ən pis hal da budur. Kürd etnosunun adı bu dörd dövlətlə bağlı pozuculuq əməllərində və bölgədə marağı olanların xeyrinə işləməkdə hallanır.

Başqa sözlə, onlar entik qrup olaraq öz qonşularının düşməninə çevrilirlər. Kürdlər haqqında deyilən “etibarlı və sadiq dost” fikiri araqarışdıran qüvvələrin və bu etnik qrupun bəzi nümayəndələrinin fəaliyyəti nəticəsində artıq populyarlığını itirməyə başlayıb. Xarici qüvvələrin “siz düz deyirsiniz, arxanızda durmuşuq, qanun belə deyir” və başqa mücərrəd məsələlərdən danışıb, ölkəsində kürdlərin terror qruplaşmaları üçün təlim düşərgələri yaradanların maraqları təmin edildikdən sonra bu etnosu heç saya da salmayacaqlar, ən yaxşı halda özlərinin buyruq qulları olaraq onlardan yararlanacaqlar.

Bunu təsdiqləyən çoxsaylı tarixi faktlar da var. Elə Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin başına gələnləri yada salmaq kifayətdir.

Bu baxımdan perspektivdə kürd etnik qrupunun adından danışıb, onların haqlarının müdafiəçisi kimi çıxış edənlərin də aqibətinin belə olacağı istisna deyil. Onlar bu əməlləri ilə öz millətlərinin yetkin övladlarının məhvinə xidmət edirlər.

Qeyd edək ki, ötən gecə Türkiyənin bölünüb parçalanmasına çalışan və terrorçularla əlaqədə olan “Xalqların Demokratik Partiyası”nın (HDP) 11 deputatı tutulub. Onlar Türkiyədə toxunulmazlıq hüququnun ləğvi barədə konstitusiyaya düzəliş qüvvəyə mindikdən sonra cinayət törətməkdə ittiham olunurlar və bu səbəbdən dindirilmələri üçün məhkəməyə çağırılıblar, amma gəlməyiblər. 

Türkiyə Daxili İşlər Nazirliyinin bu məsələ ilə bağlı bəyanatına əsasən, göstərişə uyğun olaraq məhkəməyə gətirilmək üçün aşağıdakı şəxslər saxlanılıb: Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, Səlahəddin Dəmirtaş, İdris Baluken, Figen Yüksəkdağ Şenoğlu, Sırrı Sürəyya Öndər, Ziya Pir, Gülsər Yıldırım, Nursel Aydoğan, İmam Taşçıer. Artıq Ziya Pir prokurorluqda ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. 

Müəyyən edilib ki, barələrində tutulmaq qərarı çıxarılan Faysal Sarıyıldız, Tuba Xəzər Oztürk ölkə xaricindədirlər.

Məlumata görə, qanunları pozan və prokurorluqların məhkəməyə gəlmək barədə çağırışlarına məhəl qoymayan şəxslər şahid ifadələri zamanı məhkəmədə dindirilmək üçün saxlanılıblar.

Xatıtrladaq ki, deputatların toxunulmazlıq hüququnun ləğvini nəzərdə tutan Konstitusiya düzəlişi parlamentin 376 deputatı tərəfindən təsdiq edilib və referendum keçirilmədən may ayında qəbul olunub.

Tutulan deputatlar barəsində irəli sürülən ittihamlar bunlardır: terror qruplaşmasına üzv olmaq, Türkiyə Cümhuriyyətini təhqir etmək, terror qruplaşmasının təbliğatını aparmaq, türk milləti, respublikası və Türkiyə Böyük Millət Məclisini aşağılamaq, ölkə prezidentini, dövlətin hərbi və təhlükəsizlik qurumlarını təhqir etmək, terrorçu PKK qruplaşmasının təbliğatını aparmaq, xalqlar arasında kin-nifrət yaymaq, Türkiyənin hüquq-mühafizə orqanlarını təhqir etmək, dövlətin birliyini və bütövlüyünü pozmaq və s.

HDP-nin terrorçu PKK tərəfindən öz məqsədləri üçün istifadə edildiyi heç kimdə şübhə yaratmır. Bu partiyanı terrorçu qruplaşmanın siyasi qolu da sayırdılar. Elə HDP də Türkiyə rəsmilərini davamlı olaraq bu terrorçu qruplaşma ilə hədələyirdi.

Deputatlar tutulan gün səhər saatların Diyarbəkir şəhərində partlayış törədilib. İlkin məlumata əsasən, 1 nəfər ölüb, 30-u yaralanıb. Binalar ziyan dəyib və s.

Bununla terrorçular yenə Türkiyə dövlətinin hədələyirlər.

Heç şübhəsiz, HDP-çilərin tutulmasının demokratiyaya zidd olduğu fikri ilə çıxış edənlərdə var. Ancaq hansı ölkənin vətəndaşları, siyasiləri, rəsmiləri, hüquq-mühafizə orqanları öz dövlətlərinin parçalanıb, dağıdılmasını bu mücərrəd prinsiplə yozar? Məsələn, mərakeşlilər Fransada, meksikalılar ABŞ-da, koreyalılar Yaponiyada, ermənilər Rusiyada deputat seçildikdən sonra həmin ölkələrin parçalanıb, dağılması istiqamətində Çin, Hindistan və Mozambik tərəfindən dəstəklənərsə, onda münasibət necə olar? Burada cavab birmənalıdır: imkan vermək olmaz. Türkiyədə də elə bir addım atılıb.

Əslində, kürd siyasiləri öz istəklərini dinc yolla irəli sürməklə Türkiyə dövlətində bir çox məsələyə nail olublar. Bura onların milli-mədəni haqlarının təmin olunması daxildir. Bəs onda terrorçu PKK qruplaşması və onun HDP qolu nə istəyir? Bölgədə baş verənlər fonunda kürdlər yaşayan və ya sonradan məskunlaşmış dövlətlərin ərazi bütövlüyünü pozub, “Böyük Kürdüstan” yaratmağa nail olmaqdır. Əslində, bu, Türkiyəni məhv etmək istəyənlərin məqsədidir. Bu işdə onlara yardımı isə PKK kimi təşkilatlar edir. Suriya və İraq dövlətlərinin terrorçu İŞİD qruplaşmasının əli ilə dağıdılması da buna örnək ola bilər.

HDP-dən olan iki deputatın hüquq-mühafizə orqanlarının çağırışına məhəl qoymayaraq ölkədən qaçması onların havadarlarının tapşırığını yerinə yetirdiklərinin göstəricisidir. Bundan başqa, bir sıra dövlətlərdə yaşayan və ya həmin dövlətlərin xüsusi xidmət orqanları ilə əlbirliyi ehtimal edilən kürd etnik qrupuna mənsub adamlar İraq və Suriyaya, hətta ola bilsin, İran və Türkiyəyə səfər edərək kürdləri müxtəlif vədlərlə şirnikləndirirlər. Nəticədə isə özləri qaçıb gedir, üz-üzə qalıb övladını itirən isə yenə həmin dövlətin vətəndaşı olan kürdlər olur.

Onu da qeyd etmək istərdik ki, istənilən dövlətdə yaşayanlar arasında öz ölkəsinin dağılmasını və parçalanmasını istəyən adamlar, qüvvələr olub və olacaq. Həmin adamlardan isə zaman-zaman daha çox kənar qüvvələr istifadə edirlər.

Beləliklə, hazırda bölgədə baş verənlər və dövlətlərin dağıdılması cəhdləri gizli yolla gedən dünya savaşının göstəricisidir. Kürdlərdən isə bu istiqamətdə bacarıqla istifadə edirlər...

Son xəbərlər

Orphus sistemi