Bakı. 23 avqust. REPORT.AZ/ Pis vərdişlərə, güzərana və xəbərlərə adət etmək adamı laqeydləşdirir. Nəticədə belə xəbərlər adiləşir və insanların bu kimi hadisələrə reaksiyası, onların qarşısının alınması üçün müqaviməti zəifləyir.
İraqda, Suriyada törədilən terrorlarla bağlı xəbərlərə, insanların həlak olmasına, yurd-yuvalarından qaçqın düşmələri haqda informasiyalara elə bil adət etmişdik ki, son zamanlar Türkiyədən də terrorla bağlı tez-tez məlumatlar yayılmağa başladı.
Dünən səhər saatlarında Türkiyənin Tunceli əyalətinin Nazmiye rayonunda PKK terrorçularının polis idarəsinə basqını nəticəsində bir polis şəhid olub, 3-ü yaralanıb.
Avqustun 21-i isə ölkənin Qaziantəp şəhərində toyda törədilən terror nəticəsində 54 nəfər həyatını itirib, 67 nəfər isə yaralanıb. Ölənlərdən 20-dən çoxu uşaqdır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terroru 12-14 yaşında olan bir yeniyetmənin törətdiyini söyləyib: "Aldığım məlumata görə, dünən 12-14 yaşlarında bir uşaq - canlı bomba özünü partladıb, ya da kimlərsə bunu kənardan edib. Bu qruplara, ölkəmizə və millətimizə hücum edənlərə yenə eyni mesajı veririk: "Bacarmayacaqsınız!".
Onun sözlərinə görə, terrorçu PKK qruplaşması son bir ayda 70 hərbçi, polis və kənd qoruyucusunu qətlə yetirib.
Prezident qeyd edib ki, Qaziantəpdəki partlayışı da terrorçu İŞİD qruplaşmasının törətdiyi ehtimal olunur. O, vurğulayıb ki, iyulun 15-də Fətullahçı Terror Təşkilatının (FETO) dövlət çevirilişinə cəhdi nəticəsində Türkiyənin 240 vətəndaşı şəhid olub: "Bu qətliamları törədən İŞİD, PKK və FETÖ arasında heç bir fərq yoxdur".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Qaziantəpdəki hadisə ilə bağlı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov terror aktı ilə əlaqədar türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı məktubu ünvanlayaraq, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycanın bu terror aktından son dərəcə hiddətləndiyini, terrorizmin bütün forma və təzahürlərinə qarşı birgə və qətiyyətlə mübarizə aparılmasının vacibliyini vurğulayıb.
Son terror hadisələrinin baş vermə səbəbinə aydınlıq gətirməyə çalışaq. Türkiyədə əvvəllər ancaq PKK terror aktları törədirdi. Hazırda isə Türkiyəni hədəf seçən terrorçu qruplaşmaların sayı artıb və PKK-ya İŞİD, PKK-nın Suriyadakı qolu PYD, solyönlü marksçı-leninçilər də qoşulub.
Baş verənlər onu deməyə əsas verir ki, bu sayaq qruplaşmaların hədəfi Türkiyəni dağıtmaqdır. Bunun üçün ilk növbədə xaos yaratmağa çalışırlar. Ona görə də ehtimal etmək olar ki, terror aktlarını törədənlərin və himayəçilərinin başlıca niyyəti qarışıqlığa nail olduqdan sonra Türkiyənin parçalanması planını həyata keçirməkdir.
Ötən gün ölkənin baş naziri Binəli Yıldırım PKK kimi terrorçu qruplaşmalarla heç bir danışıq aparmayacaqlarını vurğulayıb. Bu, Türkiyə hökumətinin terrorçuluğa qarşı mübarizəsinin davamlı olacağını təsdiqləyir.
O zaman terror törədənlərin hədəflərinə çata bilməyəcəyi qənaətinə də gəlmək olar. Türkiyə cəmiyyəti xaricdən dəstəklənən qruplaşmalara qarşı mübarizə aparır. Terrorçuların havadarlarının isə hədəflərindən biri də hazırda Türkiyədə hakimiyyətdə olan qüvvələrdir. Ona görə də Ərdoğan hakimiyyətini daha çox "bacarıqsız və avtoritar" kimi təqdim etməyə çalışırlar.
Son zamanlar rəsmi Ankaranın Moskva və Tehranla yaxınlaşması, Suriya böhranının həllində anlaşması da törədilən terrorların artmasına təsir edib.
Ötən həftə xarici KİV təmsilçiləri ilə görüşdə baş nazir Binəli Yıldırım deyib ki, Türkiyə Suriyanın etnik mənsubiyyətə görə parçalanması, xüsusilə kürdləri təmsil edən terrorçuların Türkiyənin sərhədinə qonşu bölgələri nəzarət altına alması kimi ambisiyaların həyata keçirməsinin qarşısını almağa çalışacaq. O, Bəşşar Əsədi keçid dövründə vasitəçi olaraq qəbul edilə biləcəklərini də vurğulayıb: "Türkiyə yaxın 6 ay ərzində Suriya məsələsində fəal rol oynayacaq".
Rəsmi Ankaranın Suriya məsələsində belə fəallığını istəməyənlər az deyil. Onlardan öz mövqelərini gizlətməyənlər isə bunlardır: terrorçu PKK, onun Suriya, İraqdakı qolları və Türkiyədəki siyasi təmsilçisi sayılan Xalqların Demokratik Partiyası (HADEP), İŞİD.
Qaziantəpdəki terrordan sonra HADEP bəyanat yayaraq, bildirib: "Xalqımız özünü müdafiəsini qursun".
Deyəsən, bu kimi çağırışlarda əsas hikkə və hədəflər ortaya çıxmağa başlayıb. Hər kəsə bəllidir ki, rəsmi Ankaranın Bəşşar Əsədi qəbul etməsi ilk növbədə PYD və İŞİD-i narahat edir. Ona görə də Qaziantəpdə terror törədirlər. Ehtimal edilir ki, Türkiyə hökuməti ilk növbədə İŞİD-dən şübhələnəcək. Bəs, başqaları? Onlar isə kölgədə qalaraq, Türkiyəyə qarşı oyunlarını davam etdirəcəklərini zənn edirlər. Sonuncu çağırış həmin oyunların tərkib hissəsi sayıla bilər.
Həmin qüvvələr Türkiyədə kürdlərin yaşadığı ərazilərdə "özlərinin müdafiə sistemini" qurmaqla mərkəzdən qaçma istiqamətində fəaliyyəti gerçəkləşdirmiş olurlar. Başqa sözlə, belə qruplaşmalar kürdlərin yaşadıqları Türkiyə ərazilərini dövlətin nəzarətindən çıxarmağa səy göstərirlər.
Bundan başqa, Suriya və İraqı parçalayıb dağıdanların hərəsinin öz terrorçusu var. Onlar Türkiyədə də xaos yaratmağa, ölkə vətəndaşlarını təşviş içində saxlamağa və əhalinin dövlətə etibarını azaltmağa cəhd göstərirlər. Çünki belələrinin Suriya və İraqdan sonra hədəfi Türkiyədir.