Türkiyə və Rusiyanın yüzillik əməkdaşlığı - Azərbaycanın danılmaz rolu - ŞƏRH

Türkiyə və Rusiyanın yüzillik əməkdaşlığı - Azərbaycanın danılmaz rolu - ŞƏRH Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlığı beynəlxalq təhlükəsizlik, əməkdaşlıq və sabitlik üçün əhəmiyyətlidir
Analitika
8 İyun , 2020 15:33
Türkiyə və Rusiyanın yüzillik əməkdaşlığı - Azərbaycanın danılmaz rolu - ŞƏRH
Report

Müasir Türkiyə Cümhuriyyəti ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasından 100 il ötdü. İki dövlət arasında əlaqə 1920-ci il iyunun 3-də qurulub. 1921-ci il martın 16-da isə iki ölkə arasında dostluq və qardaşlıq haqqında müqavilə imzalanıb. Ötən yüz ildə tərəflər arasında çoxsaylı təzadlı hadisələr baş verib. Bir sıra hallarda Azərbaycanın mövqeyi də bu əlaqələrə təsir göstərib, yaxud əməkdaşlığın inkişafına sürət verib.

Deməli, 2015-ci il noyabrın 24-də Türkiyənin hava sərhədini pozan Rusiya qırıcısının vurulmasından sonra ölkələr arasında rəsmi münasibətlər gərginləşdi. Tərəflər bir-birinə “soyuq müharibə” qaydalarına uyğun davrandı. Ancaq 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddən sonra baş verən hadisələr Ankara-Moskva münasibətlərinə də təsirsiz ötüşmədi. Beştəpə ilə Kreml arasında birbaşa danışıqlar soyuqluğu aradan qaldırdı. Bununla da tərəflər arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoydu. 2016-cı ildən sonra fərqli mövqelərdən çıxış etsələr də, Ankara və Moskva münaqişəli məsələləri müzakirə yolu ilə həll etməyə çalışır. Ona görə də Türkiyə-Rusiya münasibətləri son dövrlərdə müxtəlif sahələr üzrə inkişaf edir. İki ölkənin beynəlxalq arenadakı məsələlərə fərqli mövqeləri var. Məsələn, Suriyadakı rejimi Moskva müdafiə edir. Ankara isə onu öz millətinin milyonlarla nümayəndəsinin qanına bulaşan cinayətkar olaraq tanıyır, Rusiya terrorçu PKK-nın fəaliyyətinə zaman-zaman göz yumub, Türkiyə isə onu təhlükəsizliyini təhdid edən terrorçu qruplaşma sayır, Liviyadakı vəziyyətə də onların münasibətləri 180 dərəcə fərqlidir.

Ötən həftə Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan Milli Barışıq Hökumətinin BMT-dəki səfiri Tahir əs-Sunni feldmarşal Xəlifə Hafterin məğlub olduğunu elan edib. Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətinin parlament sədri Akilya Saleh Rusiyaya rəsmi səfər edib. Milli Barışıq Hökumətini Türkiyə dəstəkləyir və tanıyır. Rusiya isə feldmarşala silah və canlı qüvvə ilə yardım edir. Son bir neçə ayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasındakı telefon danışıqlarının əsas mövzularından biri Liviyadakı vəziyyət olub. Yeri gəlmişkən, muzdlu “Vaqner” silahlılarının Liviyada feldmarşalı müdafiə etməsinə görə ABŞ da Rusiyanı ittiham etmişdi. Hesab etmək olar ki, Liviyada qıyamçı Hafterin silahlılarının geri oturdulmasında Türkiyə ilə Rusiya arasındakı müzakirələrin önəmli rolu olub. Rusiya ilə Türkiyə arasında Suriyanın İdlib bölgəsndə birgə patrul xidmətinin aparılması da tərəflər arasındakı anlayışlı məsələlərdən sayılır.

Rəsmi Ankara Moskva ilə əməkdaşlığında qərbdən olan müttəfiqlərinin narazılığına səbəb olan addımlar da atıb. “S-400” zenit-raket kompleksi ilə bağlı tərəflər arasında bağlanılan müqavilənin icrasi belələrindəndir. Bu müqavilənin ümumi qiyməti 2,5 milyard ABŞ dollarıdır. Mayın 8-də Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir bildirib ki, “S-400” zenit-raket sistemlərini yerləşdirməyə davam edir və kompleksin müəyyən sistemlərinin istismarına başlayıb. İ.Demir Rusiyanın Türkiyədə yerləşdirilən “S-400”lərə “istədiyi girişi” əldə etməyəcəyini də söyləyib: “Təchizat müqaviləsində təlim, texniki xidmət, texniki dəstək haqqında müddəaların olmasına baxmayaraq, Rusiya heyəti “S-400” batareyalarından istədiklərini əldə edə bilməyəcək”. Dövlət Departamentinin sözçüsü Morqan Ortequs aprelin 21-də bildirmişdi ki, Vaşinqton Ankaranın “S-400”ün istismarına başlamasından “çox narahatdır”.

İki ölkə arasında imzalanan böyük müqavilələrdən biri də Akkuyu Atom Elektrik Stansiyasının tikintisi layihəsidir. Bu məsələyə dair müqavilə 2020-cu il mayın 10-da imzalanıb. Layihənin ümumi dəyəri 20 mlrd. ABŞ dollarıdır. Hazırda tikinti davam edir. Rusiya ilə Türkiyə arasında “Türk axını” adlı təbii qaz layihəsi 2016-cı il oktyabrın 10-da imzalanıb. Layihənin dəyəri 6-7 mlrd. ABŞ dolları olub. 2020-ci il yanvarın 8-də “Türk axını” təbii qaz kəməri istismara verilib. Rusiya ilə təbii qaz kəməri layihəsinin reallaşması ilə bağlı əməkdaşlığına görə də Türkiyə qərbdən olan müttəfiqlərinin etirazı ilə qarşılaşıb. İyunun 4-də ABŞ Konqresi “Şimal axını-2” layihəsində iştirak edən şirkətlərə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirməyi planlaşdırır. Layihəyə əsasən, sanksiyalar yalnız boru kəmərinin tikintisində iştirak edən şirkətlərə deyil, hüquqi dəstək verən, həmçinin sığorta və liman xidmətlərini təmin edən şirkətlərə də şamil olunacaq. Xatırladaq ki, ötən il dekabrın 20-də ABŞ prezidenti Donald Tramp "Şimal axını-2" və "Türk axını" boru kəmərlərinə qarşı sanksiyaları nəzərdə tutan 2020-ci il üçün müdafiə büdcəsini imzalayıb.

2019-cu ildə Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 26 mlrd. 34 mln. 254 min 715 ABŞ dolları olub. Bu da 2018-ci illə müqayisədə 1,85 faiz (473 296 534 ABŞ dolları) çoxdur. Rusiyadan Türkiyəyə ixracat 21 mlrd. 63 mln. 253 min 647 ABŞ dolları təşkil edib. Türkiyədən Rusiyaya ixracat isə 4 mlrd. 971 mln. 1 068 ABŞ dolları olub. Bu da 2018-ci illə müqayisədə 17,91 faiz (755 086 553 ABŞ dolları) çoxdur. Hesabat ilində Rusiyanın xarici ticarət dövriyyəsində Türkiyə 6-cı yerdə olub. Beynəlxalq arenada üzləşdikləri çoxsaylı ziddiyyətli mövqelərə baxmayaraq, Türkiyə ilə Rusiya münasibətlərinin inkişafı, genişlənməsi Azərbaycanın da maraqlarını təmin edir.

Ötən il Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlığı formatı yarandı. Bu, regional əməkdaşlığa, təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa töhfə verəcək beynəlxalq əhəmiyyətli hadisələrdəndir. Azərbaycan Respublikasının Prezidenti Rusiyanın “Rossiya-24” telekanalına müsahibəsində bu formata münasibət bildirərək demişdi: “Bu gün dünyanın enerji xəritəsində bir növ Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı yaranıb. Bu əməkdaşlığın həm ikitərəfli, həm də üçtərəfli planda böyük perspektivləri var”. Bir neçə il əvvəl Moskvaya səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycan-Türkiyə-Rusiya formatının yaradılması mexanizminə müsbət baxdığını vurğulamışdı. O, Türkiyə-Rusiya Birgə İnvestisiya Fondunun yaradılması sahəsində razılığa gəldiklərini və Rusiya ilə müdafiə sənayesi sahəsində işbirliyini artıracaqlarını da diqqətə çatdırmışdı: “Regional məsələlərin müzakirəsi üçün Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatının yaradılmasına da müsbət baxırıq”.

Son illər Bakı-Ankara-Moskva əlaqələri iqtisadi sahədə inkişaf edir. Azərbaycan Türkiyə-Rusiya əlaqələri və münasibətlərinin inkişafını alqışlayıb. Prezident İlham Əliyevin “Türk axını” layihəsinin istismarı ilə bağlı açıqlaması bunu təsdiqləyir: “Sadəcə, Rusiya ilə Türkiyənin yüksək səviyyədə qarşılıqlı siyasi fəaliyyəti bu layihənin reallaşmasına, yaxud da gerçəkləşməsini sürətləndirməyə imkan verib. Ona görə də biz Rusiya və Türkiyənin dostları kimi bu layihəni alqışladıq və həmin layihənin açılış mərasimində yüksək hökumət səviyyəsində iştirak etdik”. Bəzən “Türk axını” ilə “Cənub Qaz Dəhlizi” layihələrini bir-birinə rəqib olaraq görənlər də tapılır. Ancaq bu layihələr bir-biri ilə daha çox əməkdaşlıq edirlər. Türkiyə bu əməkdaşlıqda Rusiya və Azərbaycanın ortağıdır. 

Tarixən Azərbaycan Rusiya ilə Türkiyə münasibətlərinin gərginliyindən az ziyan çəkməyib. Bunlar həmişə Azərbaycana çox baha başa gəlib. Ancaq müasir dövrdə onların münasibətlərinin korlanmaması, bu iki dövlət arasında əlaqələrin inkişafına maneələrin aradan qaldırılması üçün rəsmi Bakı bütün mümkün vasitələrdən istifadə edib. Son illər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşlərində Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı məsələni də daim gündəlikdə saxlayırlar. Tarix təsdiqləyib ki, keçmişdə və indi hər iki tərəfin Cənubi Qafqazda maraqlarını ən yaxşı Azərbaycan təmin edə bilir. Bunun çoxsaylı səbəblərindən biri Azərbaycanın müstəqil siyasət yürütməsidir.

Son illər Ermənistanda baş verənlər Rusiyanın bölgədəki hadisələrə fərqli baxmasına təsir göstərib. Düzdür, Moskva Ermənistan hökumətinin başçısını deyil, bu ölkəni özünə müttəfiq sayır. Ancaq hələ ki rəsmi Yerevana Paşinyan başçılıq etdiyindən bölgədə Moskvanın maraqlarına qarşı da daha çox onun komandası çıxış edir. Kreml Paşinyanın timsalında Ermənistanda Rusiyaya qarşı çıxacaq qüvvələrin sayının az olmadığının şahidi oldu. Vaxtilə Gürcüstandan gördüyü münasibətə indi Ermənistanda rastlaşır.

Azərbaycan isə Moskvanın Cənubi Qafqaz siyasətinə davamlı olaraq dəyişməz münasibət göstərir. Bu, iki ölkə arasında əlaqələrin istiqrarlı inkişafına da təsir göstərir. Belə əlaqə Türkiyə-Rusiya münasibətlərinin inkişafına dəstək verir. Habelə Ankaraya və Moskvaya rəsmi Bakı ilə daha sıx münasibət saxlamağa yardım edir. Rusiya Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin həllində iştirak edən beynəlxalq vasitəçilərdəndir. Onun Türkiyə ilə normal əlaqələri bu münaqişənin ədalətli həllinə də yardım edə bilər. Nəzərə almaq lazımdır ki, Türkiyə rəsmiləri rusiyalı həmkarları ilə müxtəlif səviyyəli görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həllindən danışır, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini dəstəklədiklərini bildirirlər. Bu baxımdan rəsmi Bakının müttəfiq saydığı qonşu Rusiya ilə dost, qardaş Türkiyə arasında münasibətlərin normal olması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolunda da həlledici addımların atılmasına təsir göstərə bilər.

Beləliklə, Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlığı təkcə region üçün deyil, beynəlxalq təhlükəsizlik, əməkdaşlıq və sabitlik üçün əhəmiyyətlidir. Dağlıq Qarabağın işğaldan azad edilməsi isə bu formatı daha da möhkəmləndirər, bu üçlüyü dünyanın ən güclü müttəfiqlərindən edər.

Son xəbərlər

Orphus sistemi